Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsi inşa edilib

Hit: 1159
Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsi inşa edilib
Quba rayonunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimi həyata keçirilib.
 
Mərasimdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, həmçinin benefisiar təşkilat olan Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələri iştirak edib.
 
Qeyd edək ki, layihənin məqsədi Quba rayonunun Talabıqışlaq kəndində ginekoloji otaq, təcili tibbi yardım otağı, vaksinasiya otağı, müalicə otağı və xəstə otağından ibarət tibb məntəqəsinin inşa etməklə Talabıqışlaq kəndi və ətraf 8 kənd (Xaruşa, Talabı, Küçeyi, Cağacuq, Toxmar, Aspərəsti, Qorxmazoba, Mirzəqışlaq kəndləri) əhalisinin sağlamlığının qorunmasına töhfə verməkdir. 
 
Yaxın gələcəkdə Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən bu tibb məntəqəsinə 2 həkim, 4 tibb bacısı, 1 mama-ginekoloq, 2 xadimə ştatının təyin edilməsi və əhaliyə xidmət göstərməsi nəzərdə tutulur.








Redaktorun seçimi