Mərkəzi Gömrük Hospitalı - 14 il Sizinlə!

Hit: 933
Mərkəzi Gömrük Hospitalı - 14 il Sizinlə!
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştiraki ilə 2008-ci ilin 25 dekabr tarixində açılmışdır. Bu gün Mərkəzi Gömrük Hospitalının fəaliyyətə başlamasının 14 ili tamam olur!
 
Mərkəzi Gömrük Hospitalı bu illər müddətində Azərbaycanda və Cənubi Qafqaz regionunda qabaqcıl səhiyyə ocaqlarından birinə çevrilib - kardiologiya, insan orqan və toxumalarının transplantasiyası, ümumi cərrahiyyə və digər sahələrdə bir çox yeniliklərə imza atıb. 
 
Bu gün hospitalda açıq və qapalı ürək əməliyyatları, transkateter aorta qapağı implantasiyası (TAVI) və digər ən müasir invaziv kardioloji müdaxilələr əməliyyatı, böyrək və qara ciyər transplantasiyası və bir çox başqa mürəkkəb əməliyyatlar uğurla həyata keçirilir. 
 
Hospitalın yüksəkixtisaslı və qayğıkeş heyəti gömrük işçiləri ilə yanaşı, onların ailə üzvlərinə, respublikamızın bütün vətəndaşlarına ən keyfiyyətli və güvənli tibbi xidmət göstərir. 44 günlük Vətən müharibəsi dövründə Mərkəzi Gömrük Hospitalı yaralı əsgər və zabitlərimizin müalicəsində yaxından iştirak etmişdir. 
 
COVİD-19 pandemiya zamanı Mərkəzi Gömrük Hospitalı 22 ay ərzində pandemik xəstəxana kimi fəaliyyət göstərərək ən ağır yeni koronavirusa yoluxmuş xəstələrə yüksək keyfiyyətli tibbi yardımla təmin etmişdir. 
 
Mərkəzi Gömrük Hospitalı Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi (DGK TXİ) ilə birlikdə müntəzəm şəkildə elmi konqres, konfrans və seminarlar təşkil edir, bu tədbirlər həm Hospitalın, həm də ölkənin tibb işçilərinin davamlı tibbi təhsil prosesində əhəmiyyətli rol oynayırlar. 
 
Yalnız 2022-ci ildə DGK TXİ-nin həyata keçirdiyi və Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilmiş elmi tədbirlərdən ölkə həkimləri 100 Davamlı Tibbi Təhsil krediti əldə edə biliblər. Bu isə tələb olunan illik 48 baldan 2 dəfə çoxdur. 
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının bütün kollektivini müəsisənin 14 illik fəaliyyəti münasibətilə təbrik edir, hamıya möhkəm can sağlığı və şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayırıq!








Redaktorun seçimi