Nuran Abdullayev alman mediasını Qarabağla bağlı dezinformasiya yaymamağa çağırıb

Hit: 1170
Nuran Abdullayev alman mediasını Qarabağla bağlı dezinformasiya yaymamağa çağırıb
Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev bu ölkənin tanınmış “Tagesschau” xəbərlər redaksiyasına açıq məktubla müraciət edib.
 
Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Redaktorlara ünvanlanan məktubda 16 dekabr tarixində yayımlanan "Laçın dəhlizində yeni gərginlik" sərlövhəli məqalədə buraxılmış ciddi siyasi və önəmli tarixi səhvlərə diqqət cəlb edilib.
 
Nəzərə çatdırılıb ki, Qarabağdan danışarkən və ya yazarkən “mübahisəli ərazi” terminindən istifadə etmək olmaz, çünki bu ərazi Azərbaycan dövlətinin əzəli torpağı və ayrılmaz hissəsidir. Ermənistanın beynəlxalq hüquq normalarına zidd olaraq 1990-cı illərdə Qarabağı və ətrafındakı 7 rayonu zor gücünə işğal etdiyi, 1 milyona yaxın etnik azərbaycanlını öz doğma yurdlarından qovduğu, Birinci və İkinci Qarabağ müharibələrinin məhz Azərbaycan ərazilərində baş verdiyi, istər işğal, istərsə də müharibə illərində Ermənistanın təkcə xalqımızın yaşam hüququnu əlindən almadığı, həm də torpaqlarımıza, flora və faunamıza qarşı xüsusi amansızlıqla ekoloji terror siyasəti həyata keçirdiyi bir daha yada salınıb.
 
 
Bu yaxınlarda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qeyri-qanuni istismarını monitorinq etmək cəhdinin qarşısının alındığı vurğulanıb.
 
Cəmiyyət sədri alman jurnalistlərini peşə prinsiplərinə uyğun olaraq tərəfsiz və balanslı xəbərlər yaymağa dəvət edib. Ehtiyac duyulduğu halda, bu məsələ ilə bağlı redaksiyanın ciddi ekspertlərlə əlaqə yaratmasında köməklik göstərə biləcəyini vurğulayıb.
 
Məktuba rus bolşeviklərinin Qafqaz Bürosunun Qarabağ və ətrafında yerləşən rayonlarla bağlı 1921-ci il 5 iyul tarixli iclasının protokolunun surəti də əlavə olunub. Həmin protokolda Qarabağın Azərbaycana aid olduğu yazılıb.








Redaktorun seçimi