Vətən müharibəsi dönəmində 720 tibb işçisi cəbhə bölgəsində xidmət edib

Hit: 430
Vətən müharibəsi dönəmində 720 tibb işçisi cəbhə bölgəsində xidmət edib

"Yeni klinika" tibb müəssisəsində Zəfər Gününə həsr edilmiş "Zəfərin fatehləri" adlı tədbir baş tutub.

Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbirin məqsədi İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş hərbçilərimizi, mülki vətəndaşlarımızı, həkimlərimizi anmaq, işğaldan azad edilmiş torpaqlarımızın qayıdışını və böyük qələbəmizi qeyd etməkdir.
 
Tədbirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, millət vəkili İlham Məmmədov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov, Hərbi Dəniz Qüvvələrinin "Sualtı Hücum" Dəniz Xüsusi Təyinatlılarının zabiti, 3-cü dərəcəli kapitan Babək Şirinov, şəhid ailələri, Vətən müharibəsi qaziləri və klinika əməkdaşları iştirak ediblər.
 
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
 
Açılış nitqi ilə çıxış edən “Yeni klinika” tibb müəssisəsinin direktoru vəzifəsini icra edən baş həkim Cavid Paşayev Vətən müharibəsində qazanılan zəfərin 2-ci ildönümü münasibətilə hər kəsi təbrik edib.
Cavid Paşayev şəhidlərimizə rəhmət, bütün qazilərə, eləcə də "Yeni klinika" tibb müəssisəsində fəaliyyət göstərən müharibə veteranlarına cansağlığı diləyib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə çıxışında Böyük Vətən müharibəsi dönəmində 43 tibb müəssisəsini, 720 tibb işçisini əhatə edən 118 briqadanın cəbhə bölgəsində xidmət etdiyini bildirib:
“Azərbaycan ordusunun yerləşmə mövqeyinə uyğun olaraq, Şəmkir, Bərdə və Beyləqan istiqaməti üzrə qurulan tibbi təxliyə planına əsasən, yaralılara ümumi olaraq 6 050 çarpayı ayrılıb və 24 saat ərzində tibbi xidmət təmin edilib. Həmin dövrdə “Yeni klinika” tibb müəssisəsində çalışan dəyərli məsləkdaşlarımız da böyük fədakarlıqlarla yadda qalıb. Yüzlərlə yaralı hərbçimizin sağlamlıqlarına qovuşması üçün klinikada tibb personalı tərəfindən ciddi əməliyyatlar icra edilib”.
V.Qurbanov Vətən müharibəsindən sonrakı dövrdə də qazi və şəhid ailələrinə xidmət göstərildiyini, Vətən müharibəsi qazilərinin reabilitasiyası üçün ümumilikdə, TƏBİB-in tabeli tibb müəssisələrdən 180 tibbi personalın təhkim olunduğunu vurğulayıb:
“Düşünürəm ki, son 2 il ərzində tabeli tibb müəssisələrində qazilərin reabilitasiyası uğurla həyata keçirilib. Ötən dövrdən bu günə qədər 100-dən çox qaziyə xidmət göstərilib. Bununla yanaşı, “Yaşat” Fondu ilə əməkdaşlıq çərçivəsində ağır yaralanmış 38-ə yaxın qazinin əməliyyatı uğurla icra edilib”.
 
Digər çıxışçılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuzun erməni əsarətində olan torpaqlarımızın azad olunması istiqamətində göstərdiyi şücaətdən, tibb personalının fədakarlığından bəhs edib. 
Tədbirin bədii hissəsində "Zəfər Günü"  ilə bağlı tanıtım filmi, musiqi ifaları  və gənc rəssamların rəsm əsərləri təqdim olunub.
 








Redaktorun seçimi