AQSİA üzvləri Xankəndi Qəhvə və Çay Festivalında uğurla təmsil olundu
Qarabağın dilbər guşəsi olan Xankəndi şəhərində keçirilən Xankəndi Qəhvə və Çay Festivalı ölkənin çay və qəhvə mədəniyyətinin inkişafına töhfə verən əlamətdar tədbirlərdən biri kimi yadda qaldı. Festivalda AQSİA üzvləri də fəal iştirak edərək məhsullarını, fəaliyyətlərini və sektora dair yenilikləri ziyarətçilərə təqdim etdilər.
AQSİA üçün bu nüfuzlu tədbirdə iştirak etmək xüsusi əhəmiyyət daşıyır. Festivalın məhz Qarabağın mərkəzlərindən biri olan Xankəndidə keçirilməsi həm böyük qürur, həm də bölgənin sürətli inkişafının, canlanmasının və artan turizm potensialının bariz göstəricisidir.
İki gün ərzində festival iştirakçıları çay və qəhvə mədəniyyəti ilə bağlı müxtəlif təqdimatlar, dequstasiyalar və maraqlı proqramlarla tanış olmaq imkanı əldə etdilər. Tədbir yalnız bu sahələrin inkişafını təşviq etməklə kifayətlənməyərək, eyni zamanda Qarabağın zəngin mədəni irsini, təbii gözəlliklərini və qonaqpərvərliyini yerli və xarici qonaqlara nümayiş etdirdi.
AQSİA nümayəndələri festivalın yüksək səviyyədə təşkilinə görə təşkilat komandasına təşəkkürlərini bildirərək qeyd ediblər ki, Qarabağda, xüsusilə Xankəndidə belə möhtəşəm tədbirlərin keçirilməsi regionun sosial-iqtisadi inkişafına, turizm imkanlarının genişlənməsinə və beynəlxalq tanıtımına mühüm töhfə verir.
AQSİA gələcək illərdə də bu cür təşəbbüslərin davamlı olmasını arzulayır və inanır ki, Xankəndi Qəhvə və Çay Festivalı hər il daha geniş miqyasda təşkil olunaraq ölkənin ən nüfuzlu tədbirlərindən birinə çevriləcək.











































































