Orta Dəhlizin inkişaf etdirilməli tərəfi açıqlanıb

Hit: 202
Orta Dəhlizin inkişaf etdirilməli tərəfi açıqlanıb
Orta Dəhlizin ən zəif və gələcək inkişafı tələb olunan tərəflərindən biri Gürcüstan və Türkiyə üzərindən Avropaya birləşmədir.
 
"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji planlama və inkişaf departamentinin rəhbəri Xudayar Həsənli Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunmuş "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" panel müzakirəsində bildirib.
 
"Xəzər üzərində "feeder line" var. Blok qatarlar işləyir. Həm Azərbaycanla Gürcüstan arasında, həm Çindən Aktauya qədər. Gürcüstan limanlarından və yaxud Türkiyədən blok qatarı ilə Avropaya birləşmə yoxdur. Yük yığıldıqdan sonra göndərilməlidir. Bu, dəhlizin ən zəif cəhətidir, Azərbaycan, Qazaxıstan və Gürcüstanın məsələsi deyil", - deyə o qeyd edib.
 
Liman rəsmisi həmçinin bildirib ki, konteyner daşınması beynəlxalq logistikaya, yəni Şərq-Qərb dəhlizinə inteqrasiyanın bir nümunəsidir: "2024-cü ildə biz 76 mindən çox TEU konteyner aşırdıq. Bu rəqəm əvvəlki dövrlərdə 35-40 min TEU idi. Elə bu ilin 4 ayında limanımızda 38 600 TEU yük konteyneri aşırılıb. Yəni bu ilk 4 ayın göstəricilərini və yanvar-fevralda küləkli günlərin sayının çox olmasını nəzərə alsaq bu həcm davam eləsə, ilin sonuna 100 000 TEU-nu keçəyi gözlənilir. Nəzərə alsaq ki, 2010-2020-ci illərdə konteyner həcmləri 15-20 min TEU arasında dəyişirdi və bu, 5 dəfə artıq bir TEU həcmi deməkdir".








Redaktorun seçimi