Mağazaları talayan və “Prius” qaçıran dəstə üzvləri saxlanılıblar
Nərimanov rayonunda yerləşən mağazaların birindən müxtəlif markalı mobil telefon və noutbukların oğurlanması barədə polisə məlumat daxil olub. Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər Mehman Mehdiyev, Kamran Hacıyev və Asim Məhərrəmov saxlanılıblar. Araşdırmalar zamanı onların Nərimanov rayonunda əlavə olaraq “Toyota Prius” markalı avtomobil qaçırdıqları da müəyyən edilib. Dəstə üzvləri həmin gecə paytaxt ərazisində eyni model başqa bir nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da oğurlayaraq qaçırdıqları avtomobilin üzərinə bağlayıb idarə ediblər. Bundan başqa bu şəxslərin Gəncə, Şəmkir və Binəqədi rayonları ərazilərində də mağazalardan oğurluqlar etdikləri məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.