21 yaşında şirkət yaratdı, bu gün 4000 işçisi var - “Avrora”nın hekayəsi

Hit: 480
21 yaşında şirkət yaratdı, bu gün 4000 işçisi var - “Avrora”nın hekayəsi
Azərbaycanda ötən əsrin 90-cı illərində yaradılan və bu gün də fəaliyyətini davam etdirən şirkətlərdən biri “Avrora”dır. İlk illərdə məhsulların topdan satışı ilə məşğul olan şirkət sonradan istehsal, pərakəndə satış və logistika sahələrində fəaliyyətini genişləndirib.
 
Bu gün “Bizon”, “Doymak”, “Harika” və “Berg” kimi markalar altında məhsul istehsal edən “Avrora” necə yaranıb, təsisçisi kimdir və şirkət hansı inkişaf mərhələlərindən keçib?
 
Valyuta.az şirkətin yaranma və inkişaf tarixini araşdırıb.
 
“Avrora”nı kim yaradıb?
 
“Avrora” Şirkətlər Qrupunun təsisçisi Ceyhun Abbasov 1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndində anadan olub.
 
Şirkətin rəsmi saytındakı bioqrafik məlumata görə, orta təhsilini doğulduğu kənddə alan Abbasov 1996-cı ildə Azərbaycan Texniki Universitetinin mühəndis-elektronik-konstruktor ixtisasını fərqlənmə diplomu ilə bitirib.
 
1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ceyhun Abbasov hazırda təsisçisi olduğu “Avrora” Şirkətlər Qrupunun prezidentidir.
 
21 yaşında şirkət yaradıb
 
Şirkətin rəsmi tarixçəsinə əsasən, “Avrora”nın əsası 1993-cü il noyabrın 1-də qoyulub. Həmin vaxt Ceyhun Abbasovun 21 yaşı olub.
 
Fəaliyyətə distribusiya şirkəti kimi başlayan “Avrora” yerli və xarici istehsalçıların məhsullarının Azərbaycan bazarında topdan satışını həyata keçirib.
 
2001-ci ildən istehsal sahəsində də fəaliyyət göstərən şirkət 2002-ci ildə un və biskvit fabriklərini istifadəyə verib. Sonrakı illərdə makaron istehsalına başlanılıb.
 
Market biznesinə nə vaxt başlayıb?
 
“Avrora” 2008-ci ildə “Bolmart” marketlər şəbəkəsini yaradaraq pərakəndə satış sahəsinə daxil olub. Şirkətin məlumatına görə, qısa müddət ərzində şəbəkənin mağazalarının sayı 50-yə çatıb.
 
2009-cu ildə Hökməli qəsəbəsində şirkətin yeni logistika mərkəzi istifadəyə verilib.
 
2023-cü ildə isə “Avrora” “TamStore” marketlər şəbəkəsini yaradıb. Şəbəkənin Bakı və Sumqayıtla yanaşı, ölkənin müxtəlif regionlarında da mağazaları fəaliyyət göstərir.
 
İstehsal sahələrini necə genişləndirib?
 
2014-cü ildə “Avrora” qazlı və qazsız içkilərin istehsalı üzrə ixtisaslaşmış yeni müəssisəsini istifadəyə verib.
 
2017-ci ildə şirkətin yeni un istehsalı kompleksinin tikintisi başa çatıb. İsveçrənin “Bühler” şirkətinin avadanlıqları ilə təchiz olunan müəssisənin aylıq istehsal gücü 6500 ton təşkil edir.
 
Şirkətin rəsmi tarixçəsinə görə, 2020-ci ildə “Avrora” Sənaye Parkında yeni makaron fabriki, 2021-ci ildə isə karbon qazı istehsalı müəssisəsi istifadəyə verilib.
 
“Bizon”, “Doymak”, “Harika” - şirkət hansı brendlər altında məhsul istehsal edir?
 
“Avrora”nın istehsal etdiyi məhsullar arasında “Doymak”, “Harika”, “Günaydın” və “Tanelli” makaronları, “Doymak”, “Harika” və “Günaydın” un məhsulları yer alır.
 
Şirkət içki bazarında “Bizon”, “Berg Glucose”, “Berg Tea”, “Berg Turbo” və “Çinarlı” markaları ilə təmsil olunur.
 
“Avrora”nın istehsal etdiyi qənnadı məhsulları arasında “Kreki” krekerləri, “Sladena” və “Barovski” peçenyeləri, “Sladok” vafliləri və “OK” keksləri də var.
 
Bundan başqa, şirkət “Go” və “Shot Vodka” markaları altında spirtli kokteyllər istehsal edir.
 
 
 
Qida sənayesindən tibb sektoruna
 
“Avrora” ötən illər ərzində qida istehsalı və satışı ilə yanaşı, digər biznes sahələrində də fəaliyyətini genişləndirib.
 
2022-ci ildə “AlcoPoint” şərab evləri və “Ellab” laboratoriya-diaqnostika mərkəzi fəaliyyətə başlayıb. 2023-cü ildə isə şirkətin polietilen fabriki istifadəyə verilib.
 
2024-cü ildə “Oven” şirkəti “Avrora” Şirkətlər Qrupunun tərkibinə daxil olub. 2025-ci ildə isə “Əsgəran” şərab zavodu fəaliyyətə başlayıb.
 
Şirkətin təsisçisi Ceyhun Abbasov rəsmi saytında yayımlanan müraciətində “TamStore”, “Ellab”, “Logistar”, “Frutena”, “Oven”, “AlcoPoint” və “Klin-Pro”nu qrupun biznes istiqamətləri arasında göstərib.
 
25 milyon avroluq kredit layihəsi
 
2021-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Avrora” MMC-nin istehsal imkanlarının genişləndirilməsi üçün 25 milyon avroyadək maliyyələşdirməni nəzərdə tutan kredit layihəsini təsdiqləyib.
 
Azərbaycan manatı ilə ayrılması nəzərdə tutulan kredit hər biri 12,5 milyon avro ekvivalentində olmaqla iki tranşa bölünüb.
 
Birinci tranş yeni makaron istehsalı xəttinin yaradılması, ikinci tranş isə biskvit, tort və heyvan yemi istehsalı üçün avadanlıqların alınması məqsədilə nəzərdə tutulub.
 
Bankın rəsmi sənədində layihənin ümumi dəyəri 56 milyon 748 min 720 manat göstərilib.
 
“Meydan sənindir” - şirkətin reklam və sponsorluq layihələri
 
“Avrora”nın marketinq fəaliyyətində “Bizon” brendi ilə həyata keçirdiyi reklam və sponsorluq layihələri də yer alır. 2024-cü il sentyabrın 2-də Futbolun İnkişaf Fondu ilə “Bizon” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Əməkdaşlığın məqsədi regionlarda futbolun inkişafına dəstək göstərmək, oyunlara azarkeş marağını artırmaq olub. Brend “Meydan sənindir” reklam şüarı ilə gəncləri idmana təşviq edib. 2025-ci il oktyabrın 27-də isə Peşəkar Futbol Liqası (PFL) ilə “Avrora” Şirkətlər Qrupu arasında sponsorluq müqaviləsi imzalanıb.
 
Müqaviləni PFL-in prezidenti Elxan Səmədov və “Avrora” Şirkətlər Qrupunun prezidenti Ceyhun Abbasov imzalayıblar.
 
Birillik müqaviləyə əsasən, “Bizon” Azərbaycan Kubokunun titul sponsoru olub və yarış “Bizon Azərbaycan Kuboku” adlandırılıb. Bununla da 14 illik fasilədən sonra Azərbaycan Kuboku yenidən titul sponsoru əldə edib. Şirkət müxtəlif dövrlərdə “Zirə” futbol klubuna, “Araz-Naxçıvan” futzal klubuna və Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol komandasına da sponsorluq edib.
 
 
 
13 avtomobilin uduşa qoyulduğu reklam kampaniyası
 
“Avrora”nın istehlakçılara yönəlmiş reklam layihələrindən biri də 2026-cı ildə “Bizon” brendi ilə həyata keçirdiyi “13 həftə, 13 avtomobil” adlı lotereya kampaniyası olub.
 
İyunun 1-dən avqustun 30-dək keçirilən kampaniyanın mükafat fonduna 13 ədəd “Changan Q05” modelli avtomobil daxil edilib.
 
İstehlakçılar məhsulun qapağının altındakı xüsusi kodu qeydiyyatdan keçirməklə lotereyada iştirak ediblər. Tirajlar brendin rəsmi “YouTube” kanalında canlı yayımlanıb.
 
2026-cı il avqustun 7-də yayımlanan məlumata əsasən, həmin tarixədək səkkiz avtomobil qaliblərə təqdim olunub.
 
Sentyabrın 17-də olan məlumata əsasən isə kampaniyanın başa çatdığını və 13 avtomobilin hər birinin qalibinə təqdim edildiyi bildirilib.
 
Məhsullarını hansı ölkələrə ixrac edir?
 
“Avrora” daxili bazarla yanaşı, xarici bazarlarda da fəaliyyət göstərir.
 
Şirkətin açıqladığı məlumata görə, məhsulları Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Türkmənistan, Gürcüstan, Liviya, İsrail və digər ölkələrə ixrac olunur.
 
 
 
“Avrora” hazırda hansı sahələrdə fəaliyyət göstərir?
 
Şirkətin rəsmi məlumatına görə, “Avrora”nın 4 mindən çox əməkdaşı və 6 istehsal sahəsi var. Şirkət distribütor kimi ölkə üzrə 12 mindən çox ticarət nöqtəsinə məhsul satışı həyata keçirir.
 
2026-cı ildə “TamStore+” premium marketlər şəbəkəsinin inkişafına başlanılıb, həmçinin “Şaurma N1” restoran və kafelər şəbəkəsi satın alınıb.
 
Şirkət 2026-cı ilin oktyabrında Fransanın paytaxtı Parisdə keçirilən SIAL beynəlxalq qida sərgisində də iştirak edib.
 
1993-cü ildə 21 yaşlı Ceyhun Abbasovun əsasını qoyduğu “Avrora” 2026-cı ilin noyabrında fəaliyyətinin 33-cü ilini tamamlayıb. Ötən müddət ərzində topdansatışla fəaliyyətə başlayan şirkət istehsal, distribusiya, pərakəndə satış, logistika və digər biznes sahələrində fəaliyyət göstərən şirkətlər qrupuna çevrilib.






Redaktorun seçimi