“Novo” 6-11 yaşlı uşaqlarda piylənmə üzrə tədqiqatın nəticələrini açıqladı
“Novo” 6-11 yaşlı uşaqlarda piylənmənin müalicəsi üzrə “STEP Young” tədqiqatının nəticələrini açıqlayıb. Semaqlutid inyeksiyası alan qrupda bədən kütlə indeksi (BKİ) 68 həftə sonra orta hesabla 17,4% azalıb. Təsiredici maddəsi olmayan inyeksiya (plasebo) alan qrupda isə bu göstərici 2,2% artıb.
Tədqiqata qatılan 167 uşağın 85%-dən çoxunda başlanğıcda ağır piylənmə olub. Hər iki qrupa həftəlik inyeksiya ilə yanaşı, daha az kalorili qidalanmaq və daha çox hərəkət etmək üçün dəstək göstərilib. Nəticələr “ObesityWeek 2026” konfransında təqdim olunub və “The New England Journal of Medicine” jurnalında dərc edilib.
BKİ boy və çəki əsasında hesablanır. Uşaqlarda bu göstərici yaşa və cinsə uyğun qiymətləndirilir. Tədqiqatçılar əlavə təhlildə bütün uşaqların müalicəni plan üzrə davam etdirdiyini və çəkiyə nəzarət üçün başqa müalicə almadığını fərz ediblər. Bu hesablamaya görə, 68-ci həftədə BKİ-si ən azı 10% azalan uşaqların payı semaqlutid qrupunda təxminən 79%, plasebo qrupunda isə 0% olub.
Dünya Piylənmə Federasiyasına görə, 2025-ci ildə dünyada 5–19 yaşlı təxminən 177 milyon uşaq və yeniyetmə piylənmə ilə yaşayırdı. Piylənmə uşaqların gündəlik həyatına təsir edə, 2-ci tip diabet və yüksək qan təzyiqi riskini artıra bilər.
“Novo”nun semaqlutid əsaslı innovativ preparatı inyeksiyası uşaqlarda piylənmənin müalicəsi üçün 12 yaşdan etibarən təsdiqlənib. 6–11 yaşlı uşaqlarda istifadəsi hələ tədqiqat mərhələsindədir. Semaqlutid qan şəkərinin və bədən çəkisinin tənzimlənməsində iştirak edən təbii GLP-1 hormonunun təsirini təqlid edən dərmandır.
“Novo Nordisk” 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir.
Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.
Azərbaycanda da 30 ilə yaxındır fəaliyyət göstərən şirkətin əsas diqqəti diabet, artıq çəki və piylənmə ilə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib və Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.


































































