Azərbaycan və Özbəkistan mərkəzi bankları təcrübə mübadiləsi aparıb
Özbəkistan Mərkəzi Bankının sədr müavini Abrorkhuja Turdalievin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Azərbaycan Mərkəz Bankında işgüzar səfərdə olub.
Mərkəzi Bankdan Faktor.az-a bildirilib ki, səfər zamanı qurumun müxtəlif strukturları tərəfindən keçirilən təqdimat və görüşlərdə aşağıdakı istiqamətlər üzrə təcrübə mübadiləsi aparılıb:
- Nağd pul dövriyyəsinin təşkili və tənzimlənməsi, nağd pula tələbatın proqnozlaşdırılması, pul ehtiyatlarının idarə edilməsi, kağız və metal pul nişanlarının istehsal mərhələləri, eləcə də pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə işinin təşkili;
- Bank nəzarəti proseslərinin təşkili və avtomatlaşdırılması, risk-əsaslı bank nəzarəti yanaşmasının tətbiqi, hesabatların toplanması, təhlili və emalı prosesləri və bu proseslərdə süni intellektin tətbiqi imkanları;
- İnformasiya sistemləri və kibertəhlükəsizliyin təmin edilməsi, maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (FinCERT) fəaliyyətinin təşkili, kiberinsidentlərin aşkarlanması və onlara operativ reaksiya verilməsi, rəqəmsal maliyyə dələduzluğuna qarşı mübarizə (Antifraud) sahəsində tətbiq olunan yanaşmalar, eləcə də süni intellekt texnologiyalarının inkişafı, təhlükəsiz tətbiqi və bununla bağlı risklərin idarə edilməsi;
- İnformasiya infrastrukturunun idarə edilməsi, server və şəbəkə struktur vahidlərinin mərkəzləşdirilmiş idarəedilməsi, əməliyyatın davamlılığı üzrə illik fəaliyyətlər və data mərkəzlərdə dayanıqlılığın təşkili;
- Mərkəzi Bankda süni intellektin tətbiqi təcrübəsi, o cümlədən süni intellekt üzrə istifadə ssenarilərinin (use case) seçilməsi metodologiyası, hesablama infrastrukturunun (GPU resursları) gücləndirilməsi planları, eləcə də tətbiq prosesində mövcud çağırışlar.
Səfər çərçivəsində nümayəndə heyəti Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva və baş direktor Rəşad Məmmədovla görüşüb. Görüşlərdə iki ölkənin mərkəzi bankları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.


































































