“Tam-Aqro” MMC-də müasir toxum emalı zavodunun tikintisi və quraşdırma işləri davam etdirilir
“Azərbaycan Respublikasında 2026–2030-cu illəri əhatə edən kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Qax rayonunda kənd təsərrüfatı emalı infrastrukturunun genişləndirilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində işlər davam etdirilir.
Bu çərçivədə “Tam-Aqro” MMC tərəfindən inşa edilən müasir toxum emalı zavodunda görülən işlərin mövcud vəziyyəti ilə tanış olmaq məqsədilə müəssisəyə baxış keçirilmişdir.
Baxış zamanı müəssisədə tikinti işlərinin sürətlə davam etdirildiyi müəyyən edilmişdir. Belə ki, metal konstruksiyalardan ibarət 1 binanın tikintisi başa çatdırılmış, əlavə 4 binanın tikintisinə başlanılmışdır. Müasir toxum emalı avadanlıqlarının quraşdırılması tam başa çatdırılmış və müəssisədə istehsal prosesinə başlanılmışdır.
Hazırda zavodun fəaliyyətinin genişləndirilməsi və digər tamamlayıcı işlər davam etdirilir. Müəssisədə 6 nəfər işçi çalışır. Layihənin tam başa çatdırılmasından sonra işçi sayının 40 nəfərə çatdırılması və əlavə iş yerlərinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, müəssisənin ümumi layihə dəyəri 3 milyon manat təşkil edir. İndiyədək layihənin həyata keçirilməsinə 1 milyon 150 min manat investisiya qoyulmuşdur.
Zavodun fəaliyyətə başlaması regionda toxumçuluq sahəsinin inkişafına, fermerlərin keyfiyyətli toxum materialları ilə təmin olunmasına, yerli istehsalın genişləndirilməsinə və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəkdir.






































































