Qax Rayonunun Turizm Potensialı və Kənd Turizminin İnkişafı
Azərbaycanın zəngin təbiəti, qədim tarixi və özünəməxsus mədəniyyəti ilə seçilən Qax rayonu turizmin inkişafı üçün geniş imkanlara malikdir.
Rayonun dağ kəndləri füsunkar təbiəti, tarixi abidələri, milli mətbəxi, sənətkarlıq ənənələri və qonaqpərvər insanları turistik kənd konsepsiyasının həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.
Bu layihənin əsas məqsədi kəndlərin mövcud potensialından səmərəli istifadə etmək, bu turizmi inkişaf etdirmək, yerli əhalinin rifahını artırmaq, ailə təsərrüfatlarını və kiçik sahibkarlığı tətbiq etmək, eləcə də kəndlərin tarixi-mədəni irsini qoruyub gələcək nəsillərə ötürməkdir.
Qaxın İlisu, Sarıbaş və digər kəndləri özünəməxsus təbiəti, memarlıq xüsusiyyətləri, tarixi-mədəni dəyələri və mənəvi həyat tərzi ilə turistlər üçün cəlbedici istiqamətlərdir.
Bu ərazilərdə ekoturizm, kənd turizmi, dağ yürüşləri, yerli mətbəxin tanıdılması, sənətkarlıq məhsullarının nümayişi kimi istiqamətlərin inkişafı üçün geniş imkanlar mövcuddur.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illər Sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Qax rayonunun İlisu və Sarıbaş kəndləri tarixi, mədəni və etnoqrafik əhəmiyyəti nəzərə alınaraq turistik kəndlər siyahısına daxil edilmişdir.
Layihənin uğurla həyata keçirilməsi üçün kəndlərdə turizm məhsullarının formalaşması, qonaq evlərinin sayının təşviqi, xidmət keyfiyyətinin yüksəldilməsi, yerli məhsulların və əl işlərinin satış imkanlarının genişləndirilməsi tarixi və təbii resursların qorunmasından da mühüm əhəmiyyət daşıyır.
İlisu və Sarıbaş kəndlərinin turistik kəndlər sırasında yer alması yalnız bu ərazilərin tanıdılması deyil, həm də onların təbii və mədəni sərvətlərinin qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyətlidir.
Turizmin inkişafı kənd təsərrüfatı, arıçılıq, sənətkarlıq, yerli mətbəx nümunələri ilə əlaqələndirilməsi İlisu və Sarıbaş kəndlərinin iqtisadi imkanlarını daha da genişləndirəcək, yerli məhsulların tanıdılmasına və kənd sakinlərinin gəlirlırinin artırılmasına şərait yaradacaqdır.
Rayonumuzun bu iki kəndinin turizm potensialının inkişafı Azərbaycanın bölgələrində dayanıqlı turizmin təşviqinə, ölkənin beynəlxalq turizm xəritəsində mövqeyinin gücləndirilməsinə və milli-mədəni irsimizin tanıdılmasına xidmət edir.
Bu layihə ilə bağlı İlisu kəndində abadlıq və infrastruktur işləri görülməyə başlamışdır. Kəndin abadlaşdırılması və infrastrukturun yaxşılaşdırılması layihəsi çərçivəsində kənd mərkəzində köhnəlmiş infrastruktur yenilənmiş, söhbətgahlar, istirahət və xidmət guşələri yaradılmışdır və bu layihənin növbəti 10 ay ərzində tamamlanması planlaşdırılır.
Sarıbaş kəndi ilə bağlı isə müvafiq işlərə başlanılmış, konsepsiya sənədi hazırlanmışdır.
İlisu və Sarıbaş – təbiətin gözəlliyi, tarixin yaddaşı və milli dəyərlərin vəhdətini yaşadan, Qaxın turizm gələcəyini formalaşdıran unikal məkanlardır.
Rayonumuzun Qaşqaçay, Qum, Ləkit və bir sıra digər dağ kəndləri də mövcuddur ki, onlar da özünəməxsus fərqli təbii gözəllikləri, tarixi-mədəni dəyərləri ilə geniş turizm imkanlarına malikdirlər.Nəticə etibarı ilə bu kəndlərində potensialını üzə çıxarılması və rayonun turizm imkanlarını daha da genişləndirəcək, yerli məşğulluğun artmasına və kəndlırin sosial iqtisadi inkişafına mühüm töhfə verəcək.


































































