Niyazi Bayramov Gəncə Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub

Hit: 161
Niyazi Bayramov Gəncə Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə yeni fəaliyyətə başlayan Gəncə Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.
 
Mərkəzin sahibi Elfaq Əliyev şəhər rəhbərinə kompleksdə görülən işlər, yaradılmış infrastruktur və təqdim olunan xidmətlər barədə ətraflı məlumat verib.
 
Bildirilib ki, dörd mərtəbədən ibarət Gəncə Biznes Mərkəzi biznes, işgüzar görüşlər, mehmanxana, istirahət və müxtəlif xidmət sahələrini özündə birləşdirən çoxfunksiyalı kompleksdir. Klassik memarlıq üslubunda inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuş mərkəzdə müxtəlif təyinatlı ofislər, ümumi iş məkanları, konfrans və təlim zalları, restoran, kafe, hotel və fitness mərkəzi yer alır.
 
Kompleksin tərkibinə sərbəst çalışan şəxslər, sahibkarlar, distant çalışanlar, startaplar və kiçik komandalar üçün nəzərdə tutulmuş müasir ortaq iş məkanı – “LINE HUB Coworking” də daxildir. Burada işgüzar fəaliyyət üçün rahat və peşəkar mühit yaradılıb.
 
Mərkəzdə, həmçinin, 14 otaqdan ibarət 3 ulduzlu “İmarət Hotel” qonaqların xidmətindədir. Hotel şəhərə işgüzar səfər və istirahət məqsədilə gələnlərə rahat yerləşmə imkanları təqdim edir.
 
Kompleksdə Azərbaycan mədəniyyətini və incəsənətini müasir restoran konsepti ilə birləşdirən “Asma Bağlar” Art Restoran da yer alır. Milli ornamentləri, özünəməxsus interyeri və xüsusi atmosferi ilə seçilən restoran qonaqlara milli mətbəx nümunələrini fərqli təqdimatla təqdim edir.
 
Sağlam həyat tərzinin təşviqinə xidmət edən “Alfa Fitness” mərkəzində kişilər və qadınlar üçün ayrı-ayrı məşq zalları, müasir idman avadanlıqları və trenajorlar mövcuddur. Burada ziyarətçilər üçün fiziki aktivliyin artırılması və fərdi fitness məqsədlərinə uyğun məşq imkanları yaradılıb.
 
Kompleksə gələn ziyarətçilərin, hotel qonaqlarının və ofis istifadəçilərinin rahatlığı nəzərə alınaraq ərazidə təxminən 100 avtomobil tutumuna malik parkinq sahəsi də yaradılıb.
 
Gəncə Biznes Mərkəzi işgüzar fəaliyyət, biznes görüşləri, yerləşmə, istirahət və sağlam həyat tərzi üçün zəruri imkanları vahid məkanda birləşdirir.
 
Niyazi Bayramov mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, kompleksin gələcək fəaliyyətinə uğurlar arzulayıb.






Redaktorun seçimi