Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
Cari il 28-30 oktyabr tarixlərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) və “GlobE Network” təşkilatının dəstəyi ilə “Sandstone Əməliyyatı” adlı beynəlxalq simulyasiya təlimi keçirilmişdir.
31 ölkədən müxtəlif hüquq-mühafizə və antikorrupsiya orqanlarının nümayəndələrinin qatıldığı təlimdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva iştirak etmişdir. Belə ki, “Sandstone Əməliyyatı” təlimi iştirakçıları real hüquqi məhdudiyyətlər və sıx vaxt çərçivəsində transmilli korrupsiya sxemlərinin, ofşor şirkətlər vasitəsilə mənimsənilən vəsaitlərin və çirkli pulların yuyulması hallarının araşdırılması üzrə canlı istintaq mühitinə cəlb etmişdir. Üçgünlük təlim zamanı iştirakçılar Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyasının (UNCAC) hüquqi mexanizmlərindən və “GlobE Network”un Təhlükəsiz Kommunikasiya Platformasından (SCP) istifadə edərək Birgə İstintaq Qruplarının (JIT) təşkili və qeyri-rəsmi sərhədlərarası məlumat mübadiləsi üzrə praktiki bacarıqlarını nümayiş etdirmişlər.
Azərbaycanlı nümayəndə təlim müddətində təşkil olunan interaktiv sual-cavab sessiyalarında, transmilli araşdırma tapşırıqlarında və müzakirələrdə yüksək fəallıq göstərərək öz təcrübəsini bölüşmüş, tədbirin yekununda təlim proqramını və praktiki tapşırıqları müvəffəqiyyətlə icra etdiyinə görə “GlobE Network” tərəfindən xüsusi sertifikatla təltif olunmuşdur.




































































