“PAŞA Holdinq”in 20 yaşı tamam olur

Hit: 650
“PAŞA Holdinq”in 20 yaşı tamam olur
“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov qrupun 20 illik inkişaf yolundan, biznesin məsuliyyətindən və gələcək prioritetlərindən danışır
 
2006-cı ildə fəaliyyətə başlayan “PAŞA Holdinq” ötən 20 il ərzində regionun aparıcı holdinq şirkətlərindən birinə çevrilib. Bu gün “PAŞA Holdinq” maliyyə xidmətləri və texnologiya, daşınmaz əmlak, kənd təsərrüfatı, pərakəndə satış, əyləncə və digər sahələrdə fəaliyyət göstərir. Azərbaycanla yanaşı, beynəlxalq bazarlarda da təmsil olunan holdinq 25 mindən çox insanı birləşdirir. “Bank of New York Melon”, “Raiffeisen Bank International”, “McKinsey & Company”, “Boston Consulting Group”, “Marriott Bonvoy International”, “Four Seasons”, “Mandarin Oriental”, “IE University”, “World Economic Forum” kimi tanınmış beynəlxalq adlarla əməkdaşlıq edən “PAŞA Holdinq” hazırda Amerika Birləşmiş Ştatları da daxil olmaqla 6 ölkədə fəaliyyət göstərir. Lakin “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov hesab edir ki, 20 illik inkişaf yolunun əhəmiyyəti yalnız maliyyə göstəriciləri və bizneslərin miqyası ilə ölçülmür.
 
Bizim üçün uğur yalnız böyümək deyil. Əsas məsələ uzunmüddətli dəyər yaradan, insanların etimadını qazanan və fəaliyyət göstərdiyi iqtisadiyyatın inkişafına töhfə verən bizneslər qurmaqdır. Son 20 ildə əldə etdiyimiz nəticələr qədər formalaşdırdığımız institutlar, yetişdirdiyimiz peşəkarlar və yaratdığımız imkanlar da bizim üçün dəyərlidir.
 
Böyümə ilə artan məsuliyyət
 
“PAŞA Holdinq”in inkişafı bu illər ərzində Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun genişlənməsi məqsədinə xidmət göstərməyi hədəfləyib. Müxtəlif sahələrə yatırılan investisiyalar yeni iş yerlərinin yaradılmasına, xidmət standartlarının yüksəlməsinə və insan kapitalının inkişafına töhfə verib. Cəlal Qasımovun sözlərinə görə, böyük investisiya qrupunun məsuliyyəti yalnız ayrı-ayrı şirkətlərin maliyyə nəticələrini təmin etməkdən ibarət deyil: “Biznes böyüdükcə onun cəmiyyət qarşısında məsuliyyəti də artır. Bu məsuliyyət əməkdaşlarımıza münasibətimizdə, müştərilərimizə təqdim etdiyimiz xidmətlərdə, investisiya qərarlarımızda və tərəfdaşlarımızla qurduğumuz münasibətlərdə özünü göstərməlidir. İnanırıq ki, uzunmüddətli kommersiya uğuru ilə cəmiyyət üçün dəyər yaratmaq bir-birini tamamlayan məqsədlərdir”.
 
Cəmiyyət üçün dəyər deyəndə, burada söhbət yalnız xeyriyyəçilikdən və ya korporativ sosial məsuliyyət təşəbbüslərindən getmir ki, yalnız korporativ sosial məsuliyyət fəaliyyətlərinə “PAŞA Holdinq” illik olaraq 50 milyon manatdan çox vəsait ayırır. Məsuliyyət eyni zamanda, investisiya qərarlarının necə qəbul olunmasında, əməkdaşlara münasibətdə, müştərilərə göstərilən xidmətlərdə, risklərin idarə edilməsində və maraqlı tərəflərə təsir edən qərarlarda özünü göstərir.
 
Müxtəlif bizneslərdə 25 mindən çox insanı birləşdirən təşkilat üçün məsuliyyət, ilk növbədə, gündəlik idarəetmədə öz əksini tapır: “Qrupun bütün bizneslərində yüksək standartların qorunması, əməkdaşların inkişafı üçün imkanların yaradılması, müştərilərlə, tərəfdaşlarla və cəmiyyətlə etimad münasibətlərinin qurulması”.
 
Bu, davamlı diqqət tələb edən bir öhdəlikdir. Bizneslər böyüdükcə müxtəlif sahələrdə və bazarlarda vahid məqsəd və dəyərləri qorumaq daha mürəkkəb prosesə çevrilir. Buna görə də korporativ dəyərlər yalnız sənədlərdə əks olunan prinsiplər olaraq qalmamalı, qərarlarda, davranışlarda və idarəetmə təcrübəsində özünü göstərməlidir.
 
Cəlal Qasımov hesab edir ki, bu, müəyyən bir mərhələdə tamamlanan vəzifə deyil, daim davam edən məsuliyyətdir: “Böyümə yeni imkanlarla yanaşı, gözləntiləri də artırır. Təşkilat genişləndikcə onun fəaliyyətində intizamı qorumaq və hansı dəyəri yaratmağa çalışdığını aydın şəkildə müəyyən etmək daha vacib olur. Bizim üçün məsuliyyət kommersiya baxımından əsaslandırılmış qərarlar qəbul etmək, insanların etimad göstərə biləcəyi təşkilatlar qurmaq və davamlı nəticələrin əməkdaşlarımızla, müştərilərimizlə və cəmiyyətlə münasibətlərimizin gücündən asılı olduğunu anlamaq deməkdir”.
 
Gələcəyə baxış
 
Növbəti inkişaf mərhələsində “PAŞA Holdinq” üçün əsas prioritetlər texnologiya və innovasiyaların tətbiqi, məlumatlara əsaslanan qərarvermə, müştəriyönümlülük, insan kapitalının inkişafı və korporativ idarəetmənin gücləndirilməsi olacaq.
 
Eyni zamanda, Qrup beynəlxalq bazarlarda mövqeyini inkişaf etdirməyi və uzunmüddətli investisiya imkanlarını dəyərləndirməyi hədəfləyir: “Qarşıdakı illərdə biznes mühiti daha sürətlə dəyişəcək. Süni intellekt, yeni texnologiyalar və müştəri gözləntiləri şirkətlərdən daha çevik olmağı tələb edəcək. Bizim vəzifəmiz bu dəyişikliklərə hazır olmaq, əməkdaşlarımızın potensialını inkişaf etdirmək və bizneslərimizin uzunmüddətli rəqabət qabiliyyətini gücləndirməkdir”.
 
Cəlal Qasımov hesab edir ki, 20 illik yubiley yalnız keçilmiş yola nəzər salmaq deyil, həm də gələcək qarşısında yeni öhdəliklər götürmək üçün fürsətdir. “20 il mühüm bir mərhələdir, lakin bizim üçün daha vacib olan qarşıdakı illərdə nə yaradacağımızdır. İnanırıq ki, uğurumuz yalnız bizneslərimizin böyüməsi ilə deyil, insanların həyatında, ölkə iqtisadiyyatında və gələcək nəsillər üçün yaratdığımız imkanlarda öz əksini tapmalıdır. Məhz bu anlayışla növbəti 20 ilə baxırıq”, – deyə C.Qasımov bildirir.






Redaktorun seçimi