Şəhid Elvin Məmmədzadənin ailəsi ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar şəhid Elvin İlham oğlu Məmmədzadənin ailəsini ziyarət edib.
Samux rayonunda anadan olan leytenant Elvin Məmmədzadə Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, eləcə də “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə davamlı qayğı tədbirləri həyata keçirilir.


































































