Zəka Mirzəyev Səmərqənddə beynəlxalq konfransa sədrlik edib

Hit: 172
Zəka Mirzəyev Səmərqənddə beynəlxalq konfransa sədrlik edib
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) sədri Zəka Mirzəyev Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq konfransa sədrlik edib.
 
BPSFA və Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Büdcədənkənar Pensiya Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfrans “Gələcəyin pensiya sistemləri: demoqrafik dəyişikliklər və rəqəmsal transformasiya fonunda davamlılığın təmin edilməsi üçün yeni yanaşmalar” mövzusuna həsr olunub.
 
Konfransın açılışında çıxış edən Zəka Mirzəyev Assosiasiyanın son dövrdə həyata keçirdiyi işlər və qarşıya qoyulan hədəflər barədə məlumat verib. O, Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlar, innovativ yanaşmalar, rəqəmsal infrastruktur əsasında təqdim edilən proaktiv xidmətlər, eləcə də pensiya sisteminin dayanıqlılığının gücləndirilməsində rəqəmsal transformasiyanın əhəmiyyətini vurğulayıb.
 
Tədbirdə Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fazlkarimov çıxışında, Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Marselo Abi-Ramia Kaetano isə videomüraciətində sosial təminat sistemlərinin inkişafı və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıblar.
 
Konfransın ilk sessiyasında DSMF-nin Hüquq və daxili nəzarət departamentinin müdiri Ülviyyə Musayeva ölkəmizdə pensiya sisteminin uzunmüddətli dayanıqlılığının təmin edilməsi, demoqrafik dəyişikliklərin yaratdığı çağırışlar və sosial təminat sisteminin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə təqdimatla çıxış edib.
 
Sessiyaya DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli moderatorluq edib.
 
Konfrans çərçivəsində DSMF ilə Özbəkistanın Büdcədənkənar Pensiya Fondu arasında daha əvvəl imzalanmış Niyyət Protokolunun icrasına dair 2027–2028-ci illəri əhatə edən Tədbirlər Planı da imzalanıb.
 
Qeyd edək ki, DSMF sədri Zəka Mirzəyev konfransda iştirakı çərçivəsində yerli media qurumlarına müsahibə verib.
 
Tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və digər ölkələrin sosial təminat qurumlarının rəhbərləri, vəzifəli şəxsləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.






Redaktorun seçimi