Texnopark rezidentləri üçün qeydiyyat prosesi sadələşdiriləcək - Fərid Osmanov
2027-ci il yanvarın 1-dən texnopark rezidentlərinin qeydiyyatı sadələşdirilmiş qaydada həyata keçiriləcək, rəqəmsal texnologiyalar və innovasiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün vergi güzəştləri tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, yeni qanunvericilik dəyişiklikləri texnopark rezidentliyinin əhatə dairəsini genişləndirir.
“Belə ki, proqram təminatı, sistem inteqrasiyası, kibertəhlükəsizlik, süni intellekt, əşyaların interneti, robototexnika və data analitikası sahələrində, eləcə də İKT üzrə təlim və konsaltinq xidmətlərinin ixracı ilə məşğul olan şirkətlər də bu imkanlardan yararlana biləcəklər. Dəyişikliklər həmçinin vençur fondları və kütləvi maliyyələşmə vasitəsilə investisiyaların cəlb edilməsini, eləcə də startapların dövlət satınalmalarında güzəştli şərtlərlə iştirakını təşviq edəcək. Yeniliklərin əsas məqsədi İKT sektorunun inkişafını sürətləndirmək və ölkənin ixrac potensialını artırmaqdır”, - deyə İRİA sədri vurğulayıb.
Fərid Osmanov qeyd edib ki, innovativ məhsul hazırlayan vergi ödəyicilərinin tədqiqat, layihə axtarışı və təcrübə-konstruktor işlərinə çəkilən xərcləri vergi ödəyicilərinin gəlirlərindən 2,5 əmsalı ilə çıxılacaq: “Bu dəyişiklik elmi tədqiqatlara və innovativ həllərin hazırlanmasına investisiyaların təşviq edilməsinə yönəlib. Azərbaycanda vençur fondları və kraudfandinq vasitəsilə investisiyaların cəlb edilməsini təşviq edən vergi güzəştləri nəzərdə tutulub. Yeni qanunvericilik dəyişiklikləri çərçivəsində vençur fondları və kütləvi maliyyələşmə vasitəsilə investisiyaların cəlb edilməsi, eləcə də bu investisiyalar nəticəsində əldə olunan gəlirlərlə bağlı vergi güzəştləri nəzərdə tutulub”.




































































