Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Hit: 169
Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir
Oktyabrın 29-da Bakıda Dövlət Turizm Agentliyi və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçirilib.
 
Tədbirin məqsədi Azərbaycanla Asiya-Sakit Okean regionunun əsas turizm bazarları arasında əlaqələri genişləndirmək və ölkənin turizm imkanlarını beynəlxalq səyahət sənayesi nümayəndələrinə təqdim etməkdir.
 
“Asiya-Sakit Okean regionu Azərbaycanla görüşür: Mənbə bazarından turizm destinasiyasına” mövzusuna həsr olunan sammitin açılışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanla PATA arasında əlaqələrin uğurla inkişaf etdiyini və Asiya-Sakit Okean regionunun ölkəmiz üçün perspektivli turizm bazarlarından biri olduğunu bildirib.
 
Fuad Nağıyev cari ildə Pekində Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin açılmasının region bazarlarında Azərbaycanın mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinin Bakıda keçirilməsinin regionun turizm sənayesi nümayəndələri ilə yerli şirkətlər arasında birbaşa əlaqələrin qurulması və yeni işgüzar əlaqələrin inkişafı baxımından əlverişli imkan yaratdığını qeyd edib.
 
PATA-nın sədri Henri O çıxışında Azərbaycanın geniş turizm imkanlarının Asiya-Sakit Okean regionunun əsas turizm bazarları üçün maraqlı olduğunu, tədbirin əsas məqsədinin bu imkanları tanıtmağı və təşkilatın mövcud şəbəkəsi vasitəsilə turizm sənayesi tərəfdaşlarını bir araya gətirməyi hədəflədiyini qeyd edib.
Sammit çərçivəsində Azərbaycan Turizm Bürosu ilə PATA arasında anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imzalayıblar.
 
Memorandum Asiya-Sakit Okean regionunda Azərbaycan haqqında məlumatlılığın artırılması və ölkənin turizm imkanlarının tanıdılması, regionun turizm bazarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, media nümayəndələri ilə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də turizm sektorunun digər maraqlı tərəfləri arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
 
Sammitin ikinci hissəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50-dən çox turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçirilib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə olunub və yeni işgüzar əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.
Tədbir proqramı çərçivəsində iştirakçılar Bakı, Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfər edərək Azərbaycanın tarixi-mədəni irsi, təbii turizm resursları, qonaqpərvərlik ənənələri və turizm infrastrukturu ilə tanış olacaqlar.
 
İştirakçılara Azərbaycanın İpək Yolu irsi, dağ və təbiət turizmi, işgüzar turizm, “Umrah Plus” proqramları və fərdiləşdirilmiş səyahət imkanları təqdim ediləcək. Həmçinin Azərbaycanın qonşu ölkələrlə birlikdə çoxölkəli Qafqaz turizm marşrutlarına daxil edilməsi imkanları müzakirə olunacaq.
 
Qeyd edək ki, dünya üzrə rəsmi turizm qurumları, beynəlxalq aviaşirkət və hava limanları, qonaqpərvərlik təşkilatları, təhsil müəssisələri və turizm şirkətləri daxil olmaqla ümumilikdə 650-dən çox üzvə malik olan Asiya-Sakit Okean Turizm Assosiasiyası 1951-ci ildən bəri fəaliyyət göstərərək beynəlxalq turizm platforması rolunu oynayır. Azərbaycan Turizm Bürosu 2019-cu ildən təşkilatın üzvüdür.






Redaktorun seçimi