İxtisar zamanı işçinin təminatları: nə vaxt, necə və hansı ödənişlərlə işdən çıxarıla bilər?

Hit: 167
İxtisar zamanı işçinin təminatları: nə vaxt, necə və hansı ödənişlərlə işdən çıxarıla bilər?
İxtisar sözü çoxlarını qorxudur, çünki insanların əksəriyyəti bu prosesin qaydalarını bilmir. Halbuki Əmək Məcəlləsi burada həm işçini, həm də işəgötürəni çox dəqiq çərçivəyə salır.
 
İşəgötürən işçilərin sayını azaldırsa və ya ştat vahidini ləğv edirsə, əmək müqaviləsinə 70-ci maddənin "b" bəndi ilə xitam verilir. Bu, işçinin günahı deyil, təşkilatın strukturunda baş verən dəyişiklikdir.
 
Məhz buna görə qanun işçiyə həm vaxt, həm də pul təminatı verir.
 
Rəsmi xəbərdarlıq müddəti
 
İşçi bir gün ərzində "sabahdan işə gəlmə" sözü ilə üzləşə bilməz. Həmin işəgötürəndəki əmək stajına uyğun olaraq əvvəlcədən rəsmi xəbərdarlıq edilməlidir:
 
- 1 ilədək stajı olduqda - azı 2 təqvim həftəsi;
 
- 1 ildən 5 ilədək stajı olduqda - azı 4 təqvim həftəsi;
 
- 5 ildən 10 ilədək stajı olduqda - azı 6 təqvim həftəsi;
 
- 10 ildən çox stajı olduqda - azı 9 təqvim həftəsi.
 
İş axtarmaq üçün işçiyə verilən azad gün ən çox unudulan hüquqdur. Xəbərdarlıq müddətində hər iş həftəsi ərzində işçi azı bir iş günü əmək funksiyasından azad edilməlidir və həmin gün üçün əməkhaqqı saxlanılır. Yəni, yeni iş axtarmaq üçün ayrılan vaxt işçinin cibindən ödənilmir.
 
İşdənçıxarma müavinəti
 
Müəssisə ləğv edildikdə və ya ixtisar baş verdikdə işçiyə staja görə müavinət ödənilir:
 
- 1 ilədək staj üçün - orta aylıq əməkhaqqı miqdarında;
 
- 1 ildən 5 ilədək - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
 
- 5 ildən 10 ilədək - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
 
- 10 ildən çox stajı olduqda - orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.
 
Bir məqama diqqət etmək lazımdır. Müavinət ilə xəbərdarlıq müddəti ayrı-ayrı təminatlardır. Biri digərini əvəz etmir.
 
Xəbərdarlıq əvəzinə birdəfəlik ödəniş
 
İşçi razılıq verərsə, işəgötürən onu gözlətmədən dərhal azad edə və xəbərdarlıq müddətinin əvəzinə birdəfəlik ödəniş edə bilər: 2 həftə əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, 4 həftə əvəzinə 0,9 misli, 6 həftə əvəzinə 1,4 misli, 9 həftə əvəzinə 2 misli. Ən vacib şərt budur: bu, yalnız işçinin razılığı ilə mümkündür. Əgər xəbərdarlıq müddətinin bir hissəsi artıq keçibsə, ödəniş qalan müddətə mütənasib şəkildə azaldılır.
 
Kimlər üstünlük hüququna malikdir?
 
İxtisar zamanı, ilk növbədə, ixtisası və peşəkarlıq səviyyəsi daha yüksək olan işçilər saxlanılır. Peşəkarlıq səviyyəsi bərabər olduqda isə üstünlük şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, öhdəsində iki və daha çox uşağı olanlara, həmin müəssisədə əmək qabiliyyyətini itirdiyinə görə əlillik dərəcəsi almış şəxslərə, məcburi köçkün və qaçqınlara verilir.
 
Hamilə qadınlar və üç yaşınadək uşağı olanlar, məzuniyyətdə və ya müvəqqəti əmək qabiliyyətini itirmiş şəxslər, ezamiyyətdə olanlar qanunla qorunur. Bu kateqoriyalara ixtisar əsası ilə xitam verilməsi hüquq pozuntusudur.
 
Tərəflərin vəzifələri
 
İşəgötürən yazılı xəbərdarlığı vaxtında etməli, üstünlük hüququnu qiymətləndirməli, azad günü verməli və bütün ödənişləri son iş günü hesablamalıdır. İşçi isə xəbərdarlığı imzalayarkən tarixi yoxlamalı, sənədin surətini götürməli, hesablamanı tələb etməli və razılıq verməzdən əvvəl variantları müqayisə etməlidir.
 
Ən mühüm məsləhət odur ki, heç bir sənədi oxumadan imzalamayın. İxtisar hüquqi prosesdir və rəqəmlər sizin lehinizə işləyə bilər, bir şərtlə ki, onları biləsiniz.






Redaktorun seçimi