ADDA-ya yüksək balla qəbul olmuş tələbələrlə ASCO-da görüş keçirilib

Hit: 179
ADDA-ya yüksək balla qəbul olmuş tələbələrlə ASCO-da görüş keçirilib
2026/2027-ci tədris ilində 500-600 bal toplayaraq Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbul olmuş 20 nəfər tələbə ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) görüş təşkil edilib.
 
Tədbirdə tələbələrə Azərbaycanda gəmiçiliyin tarixi, ASCO-nun fəaliyyət istiqamətləri, donanmanın daha da müasirləşdirilməsi və əməliyyatların səmərəliliyinin artırılması istiqamətində strateji hədəfləri barədə ətraflı məlumat verilib.
 
Çıxışlarda insan kapitalının inkişafının ASCO-nun əsas prioritetlərindən biri olduğu vurğulanıb. Bu çərçivədə regionun aparıcı dənizçilik ali təhsil müəssisələrindən olan ADDA-da tələbələrin keyfiyyətli təhsil alması, nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsi və peşəkar mütəxəssislər kimi yetişməsi üçün yaradılan şəraitin bundan sonra da diqqətdə saxlanılacağı bildirilib.
 
Görüşdə iştirak edən tələbələr dənizçilik peşəsini seçmələrinin səbəbləri və gələcək hədəflərindən danışıblar. Onlar Akademiyada mövcud olan peşəkar tədris mühitinə, imkan və güzəştlərə, təhsillərinə və inkişaflarına göstərilən diqqətə görə ASCO rəhbərliyinə təşəkkür ediblər.
 
Tədbirdə, həmçinin ASCO-nun gəmi heyəti üzvləri çıxış edərək dənizçilik peşəsinin spesifik tərəfləri və Xəzərin naviqasiya xüsusiyyətlərindən danışıblar. Mütəxəssislər öz təcrübələrini bölüşərək əzmkarlığın və davamlı öyrənməyin gəmiçilik sahəsində mühüm rol oynadığını diqqətə çatdırıblar.
 
Tədbir “Açıq mikrofon” formatında sual-cavab sessiyası ilə davam edib. ASCO-da karyera imkanları, işə qəbul prosesi və şirkətin fəaliyyət istiqamətləri ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
Görüşdə tələbələrə ASCO adından hədiyyələr təqdim olunub.
 
Proqram çərçivəsində gənclər “Suraxanı” gəmi-muzeyi ilə də tanış olaraq Azərbaycanın dənizçilik tarixi və ənənələri haqqında məlumat əldə ediblər.






Redaktorun seçimi