“ASAN Radio” və “ASAN Ödəniş” “Brand Award International 2026” müsabiqəsinin qalibləri sırasında yer alıb

Hit: 181
“ASAN Radio” və “ASAN Ödəniş” “Brand Award International 2026” müsabiqəsinin qalibləri sırasında yer alıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Radio” və “ASAN Ödəniş” sistemi 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsinin qalibləri sırasında yer alıblar.
“Award Organizers Group” tərəfindən təşkil olunan müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) rəsmi dəstəyi ilə keçirilir.
Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələri təmsil edən, öz seqmentində möhkəm mövqeyi və ictimaiyyət arasında tanınması ilə seçilən 50 ticarət markası müəyyən edilərək mükafatlandırılıb.
 
Tədbirdə Azərbaycanla yanaşı, Xəzər, Qara dəniz və Baltik regionlarının ölkələrini təmsil edən ticarət markalarının rəhbərləri, müsabiqənin rəsmi tərəfdaşları və partnyorları iştirak ediblər.
 
2015-ci ildən fəaliyyət göstərən “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Radio dövlət xidmətləri ilə bağlı məlumatların, ölkədə və dünyada baş verən aktual xəbərlərin operativ çatdırılması, eləcə də maarifləndirici verilişlərin və sosial layihələrin işıqlandırılması istiqamətində fəaliyyət göstərir.
“ASAN Ödəniş” dövlət, kommunal və digər xidmətlər üzrə ödənişləri vahid elektron platforma üzərindən məsafədən və 24/7 rejimində həyata keçirməyə imkan verən dövlət informasiya sistemidir. Sistem vətəndaşlara ödənişlərini rahat və operativ şəkildə həyata keçirmək imkanı yaradır.






Redaktorun seçimi