Azərbaycanda süni intellektin dövlət idarəçiliyində tətbiqi prioritetlər sırasındadır - Allahverən İsmayılov

Hit: 165
Azərbaycanda süni intellektin dövlət idarəçiliyində tətbiqi prioritetlər sırasındadır - Allahverən İsmayılov
Süni intellektin tətbiqi informasiya təhlükəsizliyindən kənarda qəbul edilə biləcək ayrıca bir texnoloji qərar deyil. Bu, təşkilatın idarəetmə modelinə, risklərin qiymətləndirilməsinə, məlumatların mühafizəsinə birbaşa təsir göstərən strateji məsələdir.
 
Məhz buna görə informasiya təhlükəsizliyi üzrə rəhbərlərin rolu getdikcə daha da əhəmiyyətli olur. Onların vəzifəsi yalnız mövcud sistemləri qorumaq deyil, həm də yeni texnologiyaların tətbiqindən irəli gələn riskləri əvvəlcədən görmək, düzgün qərarların qəbuluna töhfə vermək və təhlükəsiz innovasiya üçün zəruri şərtləri formalaşdırmaqdır.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov adıçəkilən qurumun və Estoniyanın Elektron İdarəetmə Akademiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında çıxış edərkən deyib.
 
O bildirib ki, Azərbaycanda süni intellektin dövlət idarəçiliyində tətbiqi, rəqəmsal imkanların genişləndirilməsi və bu sahədə müvafiq idarəetmə mexanizmlərinin formalaşdırılması mühüm prioritetlər sırasındadır: "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası bu istiqamətdə fəaliyyət üçün mühüm çərçivə yaradır. Qarşıda duran vəzifə süni intellektin potensialından səmərəli istifadə etməklə yanaşı, onun tətbiqinin etibarlılığını, təhlükəsizliyini və məsuliyyətli idarəolunmasını təmin etməkdən ibarətdir. Bu baxımdan, dövlət qurumlarında süni intellektlə əlaqəli risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Odur ki, dövlət informasiya sistemlərinin təhlükəsizliyi yeni texnologiyaların inkişafından geri qalmamalıdır. Əksinə, təhlükəsizlik tələbləri bu texnologiyaların tətbiqinin ilkin mərhələsindən etibarən nəzərə alınmalıdır. Bu yanaşma risklərin yalnız insident baş verdikdən sonra aradan qaldırılmasını deyil, onların əvvəlcədən müəyyənləşdirilməsini, mümkün təsirlərinin qiymətləndirilməsini və qabaqlayıcı tədbirlərin görülməsini tələb edir. Bütün bu məsələlərin həlli milli səviyyədə görülən tədbirlərlə məhdudlaşa bilməz. Çünki rəqəmsal mühitdə təhdidlər sərhəd tanımır. Bu baxımdan beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi, müasir yanaşmaların tətbiqi və ortaq risklərə qarşı əlaqələndirilmiş fəaliyyət kiberdayanıqlılığın əsas şərtlərindəndir".






Redaktorun seçimi