Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
Oktyabrın 15-16-da Fransanın Strasburq şəhərində Avropa Prokurorlarının Məşvərətçi Şurasının (CCPE) 21-ci Plenar iclası keçirilib.
Avropa Şurasına üzv ölkələrin yüksək vəzifəli prokurorluq əməkdaşlarının qatıldığı tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev təmsil edib. Şurada üzv ölkələrdə prokurorluq sistemlərində həyata keçirilən ən son yeniliklər müzakirə olunub.
S.Alıyev tədbirdə çıxış edərək ölkəmizin prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşması ilə əlaqədar həyata keçirilmiş tədbirlər, həmçinin prokurorluğun səmərəli fəaliyyətinin təmini ilə bağlı milli qanunvericilikdə qəbul edilmiş son dəyişiklər barədə məlumat verib.
Bununla yanaşı, Şurada dövri olaraq prokurorluğun fəaliyyətinin müxtəlif aspektlərinə dair rəylər qəbul edilir. Cari ildəki iclas zamanı “Səmərəli prokurorluq fəaliyyətinin təmin edilməsi üçün prokurorlara dəstək və təminatlar” mövzusunda rəy və digər tədqiqatlar müzakirə edilərək qəbul edilib, qurumun idarəetmə orqanlarına seçkilər keçirilib.
İrlandiya Respublikasının Dövlət Prokurorluq Xidmətinin təmsilçisi Raymond Briscoe növbəti müddətə Şuranın prezidenti seçilib.


































































