Maqsud Babayev vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib.
Maqsud Babayev 1952-ci ildə Quba rayonunun Çiçi kəndində anadan olub. 1969-1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində, 1976-1980-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında təhsil alıb. 1980-1988-ci illərdə Tbilisi Dövlət Universitetində “Azərbaycan Respublikasının suvarılan torpaq ərazilərində kənd təsərrüfatı istehsalının ərazi təşkili və aqrar sənaye komplekslərinin formalaşması problemləri - Mil-Qarabaq düzənliklərinin timsalında” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “Coğrafiya elmləri və ətraf mühitin mühafizəsi” ixtisası üzrə alimlik dərəcəsi alıb.
1973-1976-cı illərdə Qubada pedoqoji fəaliyyət göstərib, 1976-1977-ci illərdə Dövlət Təbiəti Mühafizə Komitəsində baş müffəttiş, 1978-1994-cü illərdə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda baş elmi işçi, 1994-2001-ci illərdə Dövlət Təbiəti Mühafizə Komitəsinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi müfəttişliyi şöbəsinin müdiri, 2001-2007-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər dənizinin ətraf mühitinin və bioloji sərvətlərinin mühafizəsi bölməsinin rəhbəri, 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin rəisi, 2008-2014-cü illərdə ARDNŞ-in “Ekol Mühəndislik Xidmətləri” QSC-də Səyyar Monitorinq Xidmətinin rəisi, 2014-2018-ci illərdə “Azərsu” ASC-də Texnoloji proseslərə və suyun keyfiyyətinə nəzarət şöbəsinin rəisi, baş texnoloq vəzifələrində çalışıb. 2021-ci ildən isə BDU-nun Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasında müəllim işləyib.
Maqsud Babayevin tədqiqat sahəsi kənd təsərrüfatının ərazi təşkili problemləri, davamlı inkişaf, ətraf mühitin, təbii ehtiyatların mühafizəsi və idarə olunması, Xəzər dənizinin ekoloji problemləri, su ehtiyatlarının istifadəsi olub.
BDU rəhbərliyi və kollektivi Maqsud Babayevin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.


































































