"Azəriqaz" 59 yaşlı əməkdaşını işdən çıxardı - nazirlik məhkəməyə müraciət etdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi (İB) məhkəməlik olub.
Plat.az-ın əldə etdiyi məlumata görə, inzibati xəta haqqında protokola və inzibati tənbeh vermə haqqında qərara əsasən, İB 10 ildən artıq əmək stajı olan, 1967-ci il təvəllüdlü şəxsi əmək müqaviləsinə 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, Əmək Məcəlləsinin 77 və 172-ci maddələrinin tələblərinə əməl edilmədiyi, işdənçıxarma müavinətinin ən azı orta aylıq əməkhaqqının iki misli məbləğində ödənilməli olduğu halda, 1,7 misli həcmində hesablanaraq verildiyi bildirilib. Nəticədə işçi ilə son haqq-hesabın tam aparılmadığı qənaətinə gəlinib.
Bu əsasla, barəsində qərar qəbul edilmiş orqan İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 500 manat məbləğində cərimə edilib.
Həmin qərardan "Azəriqaz"ın müdafiəçisi Xətai Rayon Məhkəməsinə şikayətlə müraciət edib. Müdafiə tərəfi inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə şikayət qismən təmin edilib. İnzibati tənbeh vermə haqqında qərar ləğv olunub, işə yenidən baxılması üçün qərardan şikayət verilən orqana – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə qaytarılıb.
Həmin qərardan Dövlət Əmək Müfəttişliyi apellyasiya şikayəti verib. Dövlət qurumu Xətai Rayon Məhkəməsinin qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edib.
Apellyasiya şikayətində əvvəlki qərarda göstərilən hallar təkrarlanaraq qeyd edilib ki, şəxs “Azəriqaz” İB-də 10 ildən artıq əmək stajı olmasına baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən işdənçıxarma müavinəti qanunvericiliyin tələblərinə uyğun hesablanmayıb və son haqq-hesab tam ödənilməyib.
Şikayətdə vurğulanıb ki, İXM-in 192.4-cü maddəsi işçilərə əməkhaqqının, məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinətlərin və digər ödənişlərin qanunvericiliyə uyğun ödənilməməsinə və ya tam ödənilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bu baxımdan, şikayət verən tərəf hesab edib ki, iş üzrə həmin maddədə nəzərdə tutulan inzibati xəta mövcud olub.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, Xətai Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Beləliklə, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün aidiyyəti orqana qaytarılması barədə qərar qüvvədə qalıb.





























































