Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

Hit: 175
Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən 2026-cı ilin ilk yarımilliyinə dair kollegiya iclasında Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının nümayəndələri iştirak ediblər.
 
Kollegiyanın sədri enerji səmərəliliyinin ölkənin strateji prioritetlərindən biri olduğunu vurğulayaraq bu sahədə görülən işlərə diqqət çəkib. Nazir qeyd edib ki, Azərbaycanda enerji səmərəliliyinə özəl investisiyaların cəlb edilməsi üçün ESCO mexanizminin tətbiqi, yeni tikilən binalarda enerji səmərəliliyi amilinin nəzərə alınması və beynəlxalq təcrübədən istifadə bu istiqamətdə daha uğurlu nəticələrin əldə olunmasına töhfə verir.
 
İclasda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqindən irəli gələn tapşırıqların icrasına dair hesabat təqdim olunub. Bildirilib ki, binalarda enerji effektivliyi üzrə pasportlaşdırmanın hüquqi əsasları formalaşdırılıb, pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması isə yekunlaşmaq üzrədir. Platforma binaların enerji effektivliyi göstəriciləri barədə vahid məlumat bazasının yaradılmasına, pasportlaşdırma prosesinin operativliyinin artırılmasına imkan verəcək. 
 
Bununla yanaşı, ölkədə enerji idarəçiləri institutunun genişləndiyi qeyd olunub. Belə ki, artıq ölkə üzrə 115 enerji meneceri təyin edilib və bu sahədə peşəkar baza formalaşmaqdadır. Həmçinin vurğulanıb ki, enerji səmərəliliyi mövzusunda geniş miqyaslı maarifləndirmə kampaniyası aparılır, müvafiq məzmunlar həm sosial şəbəkələr, həm də digər vasitələrlə bir milyondan çox vətəndaşa çatdırılıb və bu istiqamətdə işlər davam etdirilir.
 
Gündəliyə uyğun olaraq energetika naziri cari ilin ilk altı ayı ərzində regionlarda keçirilən vətəndaş qəbulları barədə məlumat verib. Bildirilib ki, daxil olmuş 100-dən çox müraciətə baxılması tam yekunlaşdırılıb: vətəndaşların müraciətləri həll edilib və ya onlara müvafiq izahatlar verilib.
 
İclasda həmçinin Nazirlik qarşısında qoyulmuş tapşırıqların icra vəziyyəti barədə məlumat təqdim edilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.






Redaktorun seçimi