Fermerlərin kreditə çıxışını asanlaşdırmaq üçün yeni mexanizmlər lazımdır

Hit: 294
Fermerlərin kreditə çıxışını asanlaşdırmaq üçün yeni mexanizmlər lazımdır
Azərbaycandakı banklar kreditləşmə nəticəsində yaranacaq aktivin özünü girov kimi qəbul etməkdə hələ də tərəddüd edirlər.
 
Bunu "AmCham Azərbaycan"ın Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun sədri Elxan Mikayılov Bakıda keçirilən III Beynlxalq Aqro Biznes Forumunda bildirib.
 
Onun sözlərinə görə, dünya təcrübəsində buna layihə maliyyələşməsi deyirlər: "Yəni yaranacaq aktivin özünün girov təminatı kimi qəbul edilməsi variantından istifadə olunmalıdır. Çox təəssüflə bildirməliyik ki, hələ də bizdə layihə maliyyələşdirilməsi alətlərindən istifadə edən banklar buna kifayət qədər maraq göstərmir. Söhbət ondan gedir ki, məsələn, kənd təsərrüfatında istixananın qurulması və yaxud da emal müəssisəsinin yaradılması üçün kredit ayrılmalıdır. Emal müəssisəsinin özü kifayət qədər girov təminatı yarada bilən, yaxud istixananın qurulması kifayət qədər girov təminatı yarada bilən bir variantdır".
 
E. Mikayılov bildirib ki, ölkədə zəmanət mexanizmləri mütləq inkişaf etməlidir: "Baxmayaraq ki, Sahibkarlığın İnkişafı Fondunda, bundan əvvəl də Kredit və Zəmanət Fondunda zəmanət alətləri var, amma qəbul və etiraf etməliyik ki, bizim fermerlərimiz və agrar-emal sənayemiz zəmanət mexanizmlərindən kifayət qədər yararlana bilmir. Ancaq dünyada bu asimmetriyanın həllində ən önəmli rollardan birini məhz zəmanət mexanizmləri oynayır. Subsidiya və kredit sığortası alətlərinin də genişlənməsi çox sevindirici haldır. Azərbaycanda subsidiya mexanizmi işə salınır və hesab edirik ki, kredit sığortası alətinin də işə salınması bu asimmetriyanın, yəni tələb və təklif arasındakı asimmetriyanın aradan qaldırılmasına ciddi töhfə verə bilər".
 
Valyuta.az






Redaktorun seçimi