Əmlak Məsələləri Dövlət Xidmətində yeni dövlət qulluqçuları and içiblər
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daimi dövlət qulluğuna qəbul üzrə müsabiqə və müsahibə mərhələlərini uğurla başa vurmuş əməkdaşların andiçmə mərasimi keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daimi dövlət qulluğuna qəbul üzrə müsabiqə və müsahibə mərhələlərini uğurla başa vurmuş əməkdaşlar üçün andiçmə mərasimi keçirilib.
Andiçmə dövlət qulluqçusunun Azərbaycan Respublikasına sadiqliyini, Konstitusiyaya və qanunlara əməl etmək, dövlət sirrini və xidməti sirri qorumaq, üzərinə qoyulmuş vəzifələri qərəzsiz, vicdanla və Vətənin mənafeyi naminə yerinə yetirmək öhdəliyini ifadə edir.
Andiçmə mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və yeni əməkdaşlar “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə uyğun olaraq and içiblər.
Tədbirdə əməkdaşlara dövlət idarəçiliyinin müasir tələbləri barədə məlumat verilib. Qeyd edilib ki, insan kapitalının inkişafı, bilik və bacarıqların daim təkmilləşdirilməsi dövlət idarəetməsinin və vətəndaşlara xidmətin daha optimal və səmərli təşkilində, rifahın yüksəldilməsində mühüm rol oynayır. Bu baxımdan, dövlətçilik dəyərlərinə sadiqlik, qanunlara və etik prinsiplərə riayət, obyektivlik və məsuliyyət dövlət qulluqçusunun fəaliyyətinin mühüm prinsiplərindəndir.
Tədbirdə yeni əməkdaşlara xidməti vəsiqələr təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzulanıb.




































































