Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

Hit: 294
Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb
İcbari Sığorta Bürosunun (İSB) təşkilatçılığı ilə Bakıda Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələrinin görüşü keçirilib. Görüşdə İSB, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Estoniya Avtonəqliyyat Sığortası Bürosu və Estoniya Sığorta Assosiasiyasının nümayəndələri iştirak ediblər.
 
Faktor.az xəbər verir ki, görüşün məqsədi Azərbaycan və Estoniyanın sığorta sektorlarında mövcud təcrübələrin qarşılıqlı öyrənilməsi, tətbiq olunan yanaşmalar üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də sığorta sektorunun inkişafı, rəqəmsallaşma və innovativ həllərin tətbiqi ilə bağlı aktual məsələlərin müzakirəsi olub.
 
Tədbirin açılışında çıxış edən İSB-nin İcraçı direktoru Vüsal Məsiyev Azərbaycanda icbari sığorta sahəsində həyata keçirilən islahatlar, sektorun inkişaf istiqamətləri və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə məlumat verib. O, beynəlxalq təcrübənin öyrənilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin sığorta sektorunun inkişafı baxımından əhəmiyyətini qeyd edib.
 
Görüş çərçivəsində ASA-nın sədri Abas Misgərli Azərbaycan sığorta bazarının mövcud vəziyyəti, əsas inkişaf istiqamətləri, sektorda müşahidə olunan tendensiyalar və gələcək perspektivlər barədə təqdimatla çıxış edib.
 
İSB-nin departament rəhbərləri Xanım Camalova və İslam İsmayılov tərəfindən Büronun fəaliyyəti, həyata keçirilən layihələr və rəqəmsal transformasiya istiqamətində görülən işlər təqdim olunub. Təqdimatlar zamanı elektron xidmətlərin inkişafı, dövlət qurumları ilə məlumat mübadiləsi və inteqrasiyalar, informasiya sistemlərinin təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və digər rəqəmsal təşəbbüslər barədə məlumat verilib.
 
Daha sonra Estoniya Avtonəqliyyat Sığortası Bürosu və Estoniya Sığorta Assosiasiyasının idarə heyətinin sədri Tuli Parenson və idarə heyətinin üzvü Erqo Tars Estoniya sığorta bazarının fəaliyyəti və inkişaf xüsusiyyətləri, sektorda tətbiq olunan yanaşmalar, rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr və innovativ texnologiyaların tətbiqi sahəsində mövcud təcrübəni təqdim ediblər.
 
Təqdimatlardan sonra Azərbaycan və Estoniyanın sığorta sektorlarında mövcud təcrübələr və tətbiq olunan yanaşmalar müqayisəli şəkildə müzakirə edilib. Tərəflər rəqəmsal transformasiya, məlumat mübadiləsi, süni intellekt texnologiyalarının sığortada tətbiqi, sığorta dələduzluğunun qarşısının alınması, müştəri xidmətlərinin təşkili və rəqəmsal kommunikasiya kanalları üzrə təcrübələrini paylaşıb, iki ölkədə tətbiq olunan yanaşmaların fərqli və oxşar xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparıblar.
 
Görüş qarşılıqlı maraq doğuran məsələlər üzrə müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşıb.






Redaktorun seçimi