PAŞA Holding fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir
PAŞA Holding Azərbaycanda aqroturizmin inkişafına və regionlarda fəaliyyət göstərən fermerlərin imkanlarının genişləndirilməsinə töhfə vermək məqsədilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsinə dəstəyini davam etdirir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən PAŞA Holding-in dəstəyi ilə həyata keçirilən sosial layihə kənd turizminin inkişafına, fermerlər üçün əlavə gəlir imkanlarının yaradılmasına və yerli məhsulların yerində satışının təşviqinə xidmət edir.
2019-cu ildən həyata keçirilən layihə çərçivəsində bugünədək 227 təsərrüfata baxış keçirilib, 500 fermer və nümayəndə aqroturizm təlimlərinə cəlb olunub, 35 təsərrüfatda təmir, abadlaşdırma və marketinq işləri aparılıb.
Layihə çərçivəsində fermerlər üçün aqroturizmin əsasları, qonaqlama, marketinq və digər istiqamətlər üzrə təlimlər təşkil edilir, təsərrüfatların turizm potensialının artırılması məqsədilə texniki və avadanlıq dəstəyi göstərilir. Eyni zamanda, aqroturizm təsərrüfatlarının tanıdılması və turist axınının artırılması üçün turizm şirkətlərinin nümayəndələri ilə infoturlar təşkil olunur.
Layihə üzrə 2025-ci ildə dəstək göstərilən Lənkərandakı “Balçı Səyavuş” və “Leynə Co. Sitrus”, eləcə də İsmayıllıdakı “Kandora” və “Flowerisma” təsərrüfatlarının açılış tədbirləri 2026-cı ildə keçirilib.
“Şəhərdən Kəndə” layihəsi fermerlərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların təsərrüfatlarını turistlər üçün cəlbedici məkanlara çevirməsinə və məhsullarını birbaşa istehlakçıya təqdim etməsinə imkan yaradır. Bununla da layihə regionlarda kənd təsərrüfatı və turizm arasında əlaqələrin gücləndirilməsinə və yerli iqtisadi imkanların genişləndirilməsinə töhfə verir.



































































