“Textile Horizon” MMC-nin təşkilatçılığı ilə Füzulidə “Açıq Tarla Günü” keçirilib

Hit: 179
“Textile Horizon” MMC-nin təşkilatçılığı ilə Füzulidə “Açıq Tarla Günü” keçirilib
“Azərşəkər” MMC-nin törəmə şirkəti olan “Textile Horizon” MMC-nin təşkilatçılığı ilə “Eden Agro” MMC-nin Füzuli rayonundakı təsərrüfatında pambıqçı fermerlər üçün “Açıq Tarla Günü” keçirilib. Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Global Textile” şirkətinin əməkdaşları və digər qonaqlar, eləcə də pambıqçı fermerlər iştirak ediblər.
 
“Textile Horizon” MMC-nin direktoru Nəsib İslamzadə məlumat verib ki, şirkət pambıqçı fermerlərlə müqaviləli əkinçilik modeli çərçivəsində əməkdaşlığa başlayıb. O bildirib ki, bu əməkdaşlıq modeli pambıq istehsalının təşviqinə, məhsuldarlığın artırılmasına və etibarlı tədarükün təmin olunmasına yönəlib.
 
“Textile Horizon” MMC-nin direktoru Nəsib İslamzadə bildirib ki, fermeri yüksək məhsuldarlığa həvəsləndirən əsas amillərdən biri istehsal etdiyi məhsulun etibarlı şəkildə tədarükünün təmin olunmasıdır. Onun sözlərinə görə, pambığın davamlı istehsalına nail olmaq və etibarlı tədarük zənciri formalaşdırmaq məqsədilə fermerlərlə əməkdaşlığın əsas istiqamətini müqaviləli əkinçilik təşkil edir. Bu əməkdaşlıq yalnız məhsulun tədarükü ilə məhdudlaşmır. Müqavilə şərtlərindən asılı olaraq fermerlərin istehsal xərclərinin qarşılanmasına, keyfiyyətli toxum və gübrə ilə təminatına, istehsalın müxtəlif mərhələlərində müasir kənd təsərrüfatı texnikası və avadanlıqlarından istifadəyə, eləcə də aqrotexniki qulluğun təşkilinə aqronomik dəstək göstərilməsi nəzərdə tutulur.
 
Kənd Təsərrüfatı nazirinin müavini Seymur Səfərli çıxışında belə əməkdaşlıq modelinin Azərbaycanda pambıq istehsalının artırılmasına və bu sahədə fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatlarının inkişafına töhfə verəcəyini bildirib.
 
O, belə tərəfdaşlıqlar vasitəsilə müasir aqrotexniki yanaşmaların və yeni texnologiyaların tətbiqinin fermerlərin yüksək məhsuldarlığa nail olmasına imkan yaradacağını qeyd edib.
 
Azərbaycanda pambıqçılıq üzrə bütöv bir dəyər zənciri yaratmağı planlaşdıran “Textile Horizon” MMC gələcəkdə iplik, parça və daha sonra köynək istehsalı müəssisələrinin yaradılmasını da nəzərdə tutur.






Redaktorun seçimi