AZAL-ın təşkilatçılığı ilə keçirilən lotereyanın qalibləri açıqlanıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC və "Sea Breeze"in birgə təşkilatçılığı ilə "Səma və dəniz" lotereyasının tirajı keçirilib.
Faktor.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində tərəfdaşlar layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edərək birgə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.
İyulun 8-dən sentyabrın 8-dək davam edən lotereya çərçivəsində ümumilikdə 100 qalib müəyyən olunub. Tiraj həmçinin "Facebook" üzərindən canlı yayımlanıb və izləyicilər qaliblərin müəyyənləşməsi prosesini izləmək imkanı əldə ediblər.
Tirajın nəticələrinə əsasən, aşağıdakı kateqoriyalar üzrə qaliblər müəyyən olunub: 50 qalibin hər biri - 20 000 uçuş mili; 6 qalibin hər biri - 50 000 uçuş mili; 10 qalibin hər biri - "ABB–AZAL Miles Co-brand Infinite" kartı; 20 qalibin hər biri - "ABB–AZAL Miles Co-brand Platinum" kartı; 3 qalibin hər biri - "Crocus Fitness"dən illik abunəlik; 10 qalibin hər biri - "Aghalarov Rest"dən 150 manatlıq kupon qazanıb.
Tirajın sonunda isə bir iştirakçı "Səma və dəniz" lotereyasının baş mükafatını - "Sea Breeze"ə məxsus "Park Lane" layihəsində mənzili qazanıb.
Qeyd edilib ki, qaliblər müəyyənləşdikdən sonra tirajın nəticələri komissiya tərəfindən müvafiq aktla rəsmiləşdirilib. Qarşıdakı həftə ərzində qaliblərlə SMS, elektron poçt və telefon vasitəsilə əlaqə saxlanılaraq onlara məlumat veriləcək.






























































