Hacıqabulda “Qalmaz” və “Qaradağ” Yeraltı Qaz Anbarlarının yubiley tədbiri qeyd edilib
Hacıqabul rayonunun Atbulaq kəndində yerləşən “Qalmaz” Yeraltı Qaz Anbarı İdarəsində “Qalmaz” Yeraltı Qaz Anbarının 50 illik və “Qaradağ” Yeraltı Qaz Anbarının 40 illik yubileylərinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, SOCAR-ın “Midstream Gas Operations” MMC-nin baş icraçı direktoru Polad Rüstəmov, SOCAR-ın “Azneft” İB-nin baş direktoru İlqar Əli-zadə, SOCAR-ın Neftqaztikinti Trestinin müdiri Qağaməli Seyfullayev, SOCAR-ın Qaz İxrac İdarəsinin rəisi Əkbər Hacıyev, eləcə də digər aidiyyəti şəxslər və müəssisənin əməkdaşları iştirak etdilər.
Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov “Qalmaz” Yeraltı Qaz Anbarının 50 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi, kollektivə möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni nailiyyətlər arzuladı.
Rayon rəhbəri bildirdi ki, “Qalmaz” Yeraltı Qaz Anbarının 50 illik fəaliyyəti Azərbaycanın qaz sənayesinin inkişafında, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və milli enerji infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət daşıyır. O, müəssisənin uzun illər ərzində təbii qaz ehtiyatlarının saxlanılması, mövsümi tələbatın tənzimlənməsi və ölkənin etibarlı qaz təchizatının təmin olunması istiqamətində mühüm vəzifələri yerinə yetirdiyini qeyd etdi.
Sevindik Hətəmov “Qalmaz” Yeraltı Qaz Anbarının Hacıqabul rayonunun iqtisadi və sənaye həyatında da mühüm yer tutduğunu bildirdi. Müəssisənin fəaliyyətində əməyi olan mütəxəssislərin, mühəndislərin, texniki işçilərin və fəhlələrin zəhmətini yüksək qiymətləndirərək onlara minnətdarlığını ifadə etdi.
Başçı müasir dövrdə texnoloji yeniliklərin tətbiqi, istehsalat proseslərinin təkmilləşdirilməsi, sənaye təhlükəsizliyinin gücləndirilməsi və infrastrukturun müasirləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğuladı. Əminlik ifadə edildi ki, müəssisədə formalaşmış zəngin təcrübə və peşəkar ənənələr qarşıdakı illərdə də Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Tədbirdə çıxış edən digər iştirakçılar da “Qalmaz” Yeraltı Qaz Anbarının 50 illik, “Qaradağ” Yeraltı Qaz Anbarının isə 40 illik yubileyi münasibətilə kollektivə təbriklərini çatdırdılar.
Çıxışlarda “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının Azərbaycanın qaz təsərrüfatının formalaşması və inkişafında mühüm rol oynadığı vurğulandı. Bildirildi ki, uzun illər ərzində bu müəssisələrdə çalışan peşəkar kollektivlərin əməyi nəticəsində qaz ehtiyatlarının etibarlı saxlanılması və ölkənin qaz təchizatının dayanıqlığının təmin olunması istiqamətində mühüm nəticələr əldə edilmişdir.
Qonaqlar yubiley tədbirinin müəssisələrin keçdiyi şərəfli əmək yolunun, əldə olunan nailiyyətlərin və formalaşmış peşəkar ənənələrin qeyd olunması baxımından əhəmiyyətini vurğuladılar. Onlar kollektivə möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətlərində uğurlar və qarşıdakı illərdə yeni nailiyyətlər arzuladılar.
Sonda müəssisənin 50 illik fəaliyyəti münasibətilə kollektivə təbriklər çatdırıldı, əməkdaşlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində uğurlar arzulandı.





























































