“e-mühasibat” altsisteminin tətbiqi ilə bağlı təlim keçirilib

Hit: 167
“e-mühasibat” altsisteminin tətbiqi ilə bağlı təlim keçirilib
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində büdcə təşkilatlarının maliyyə və mühasibat uçotu sahəsində çalışan əməkdaşları üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-mühasibat” altsisteminin tətbiqi ilə bağlı təlim keçirilib.
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə Naxçıvan Muxtar Respublikasının büdcə təşkilatlarının, eləcə də onların tabeliyində fəaliyyət göstərən qurumların maliyyə və mühasibat uçotu sahəsində çalışan əməkdaşları iştirak ediblər. Ümumilikdə təlimə 90 büdcə təşkilatından 145 nəfər əməkdaş cəlb olunub.
 
Təlimin açılışında Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov çıxış edərək “e-mühasibat” altsisteminin tətbiqinin mühasibat uçotunun elektronlaşdırılması, maliyyə məlumatlarının daha çevik və sistemli idarə olunması, eləcə də maliyyə hesabatlılığının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, təlimin əsas məqsədi büdcə təşkilatlarında “e-mühasibat” altsisteminin tətbiqinə hazırlıq səviyyəsinin artırılması, maliyyə və mühasibat uçotu sahəsində çalışan əməkdaşların sistemdən istifadə üzrə nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsidir.
 
İki gün davam edən təlim zamanı iştirakçılara “e-mühasibat” altsisteminin funksional imkanları və istifadə qaydaları, mühasibat uçotunun elektron formada aparılması, ilkin qalıqların sistemə daxil edilməsi, ehtiyatların və əsas vəsaitlərin uçotunun təşkili barədə ətraflı məlumat verilib. Həmçinin anbarlar və struktur bölmələri arasında yerdəyişmə əməliyyatlarının həyata keçirilməsi, maddi-məsul şəxslər üzrə əməliyyatların idarə olunması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi prosesləri praktiki nümunələr əsasında izah edilib. 






Redaktorun seçimi