Lənkəranda daha 30-dan yuxarı küçədə abadlıq, təmir və bərpa işlərinə başlanılacaq

Hit: 164
Lənkəranda daha 30-dan yuxarı küçədə abadlıq, təmir və bərpa işlərinə başlanılacaq
Cənab Prezidentin tapşırığına uyğun olaraq, Lənkəran şəhərində infrastrukturun müasirləşdirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. 
 
“Şəhərsalma və memarlıq ili” çərçivəsində şəhərin bir çox küçə, prospekt və parklarında təmir-tikinti, abadlıq və son tamamlama işləri davam etdirilir. Bu çərçivədə Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov, Şirəli Axundov, Koroğlu və Fikrət Məmmədov küçələri, həmçinin Həzi Aslanov, Xocalı, Əsgər Əliyev adına “Dostluq”  parkı abadlaşdırılır. Eyni zamanda, şəhərin əsas girişləri sayılan Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi dairəsi və Şəhidlər Xiyabanı ərazisində də işlər sürətlə aparılır.
 Sözügedən ərazilərdə piyada yolları yenidən qurulur, deformasiyaya uğramış səkilər tamamilə sökülərək müasir üslubda bərpa edilir və çoxmərtəbəli binaların fasadları təmir olunur. 
 
Şəhərdəki bu müsbət dəyişikliklərin miqyasını daha da genişləndirmək məqsədilə yaxın vaxtlarda daha 30-dan yuxarı küçədə abadlıq, təmir və bərpa işlərinə başlanılması nəzərdə tutulur.
 
Şəhərin tarixi memarlıq üslubunu qoruyan bu kompleks tədbirlər Lənkəranın turizm potensialını artırmaqla yanaşı, sakinlər üçün daha rahat və müasir yaşayış mühiti formalaşdırır. Görülən işləri yüksək qiymətləndirən yerli sakinlər Lənkərana göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə edirlər.






Redaktorun seçimi