Naxçıvanda “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirilib

Hit: 153
Naxçıvanda “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Suverenliyimizin Bərpası Dövlətçilik Tariximizin Parlaq Səhifəsidir” mövzusunda tədbir keçirilib.
 
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova Azərbaycanın zəngin dövlətçilik tarixindən, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, eləcə də ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb.
 
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası təmin edilib, Azərbaycan xalqı tarixi Zəfərə nail olub. Qeyd olunub ki, 2020-ci ildə əldə edilmiş Zəfər və dövlət suverenliyimizin
tam bərpası xalqımızın dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir.
 
Çıxışda şəhidlərimizin qəhrəmanlığının, qazilərimizin fədakarlığının və Vətən uğrunda göstərdikləri misilsiz xidmətlərin daim yüksək qiymətləndirildiyi vurğulanıb. Həmçinin gənc nəslin Vətənə məhəbbət, dövlətçilik ənənələrinə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə edilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayeva çıxışında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında məktəb və müəllimlərin üzərinə düşən vəzifələrdən, təhsil müəssisələrində dövlətçilik və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs edib.
 
Şəhid Vaqif Rəcəbovun anası Məryəm Rəcəbova, Vətən müharibəsi qazisi Pərviz Muradov və şəhid Azər Tağıyevin bacısı Könül Seyidova çıxışlarında şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdikləri fədakarlıqdan söz açaraq onların qəhrəmanlıq nümunələrinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıblar.
Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin tarix müəllimi Könül Səfərli Azərbaycanın qədim və zəngin dövlətçilik ənənələrindən danışaraq dövlət müstəqilliyinin qorunmasının, milli-mənəvi dəyərlərin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini qeyd edib.
 
Tədbirin sonunda Azərbaycanın dövlətçilik tarixini, Vətən sevgisini və tarixi Zəfəri əks etdirən videoçarx nümayiş etdirilib.
 
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi qazisi, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.






Redaktorun seçimi