Pambıq bitkisinin genetik müxtəlifliyinin və genofondunun öyrənilməsi işləri aparılır

Hit: 159
Pambıq bitkisinin genetik müxtəlifliyinin və genofondunun öyrənilməsi işləri aparılır
Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda pambıq bitkisinin genetik müxtəlifliyinin və genofondunun öyrənilməsi, qiymətli genetik materialların müəyyənləşdirilməsi, həmçinin gələcək seleksiya işləri üçün perspektivli başlanğıc materialların hazırlanması istiqamətində elmi tədqiqatlar davam etdirilir.
 
Tədqiqatlar çərçivəsində pambığın genofonduna daxil olan müxtəlif nümunələrin bioloji və təsərrüfat baxımından qiymətli xüsusiyyətləri öyrənilir. Məhsuldarlığı, xəstəlik və zərərvericilərə davamlılığı, eləcə də digər mühüm əlamətləri ilə seçilən nümunələr müəyyənləşdirilərək perspektivli genetik materialların seçilməsi istiqamətində qiymətləndirilir. Eyni zamanda, genetik müxtəlifliyin genişləndirilməsi məqsədilə hibridləşmə və mutagenez istiqamətində tədqiqatlar həyata keçirilir.
 
Pambıq toxumlarına mutagen amillərin təsirinin öyrənilməsi nəticəsində əldə olunan mutant formaların nəsillər üzrə qiymətləndirilməsi də tədqiqatların əsas istiqamətlərindən biridir. Yüksək məhsuldarlıq və kompleks təsərrüfat əlamətləri ilə fərqlənən formaların müəyyənləşdirilməsi onların gələcək elmi-tədqiqat və seleksiya işlərində qiymətli başlanğıc material kimi istifadəsinə imkan yaradır.
 
Pambığın genetik müxtəlifliyinin qorunması və zənginləşdirilməsi, genofondun seleksiya baxımından əhəmiyyətli xüsusiyyətlərinin müəyyənləşdirilməsi və perspektivli genetik formaların seçilməsi tədqiqatların əsas nəticələri sırasında yer alır. Əldə olunan nəticələrin gələcəkdə yeni və yüksək məhsuldar pambıq sortlarının yaradılması üzrə seleksiya proqramlarında istifadə edilməsi nəzərdə tutulur.
 
Hazırda İnstitutun təcrübə sahələrində tədqiqat nümunələrinin yığımı həyata keçirilir. Yığım zamanı əldə olunan materiallar məhsuldarlıq və digər qiymətli xüsusiyyətləri baxımından qiymətləndirilir, fərqlənən formalar müəyyən edilərək növbəti tədqiqatlar üçün seçilir. Beləliklə, sahədə aparılan cari işlər uzunmüddətli elmi tədqiqatların nəticələrinin praktiki qiymətləndirilməsi və gələcək tədqiqatlar üçün perspektivli genetik materialların müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.






Redaktorun seçimi