İnternet sürətinə görə Bakının dünyadakı yeri açıqlandı
Bakının mobil və sabit genişzolaqlı internet sürətinə görə şəhərlər arasında qlobal reytinqdəki mövqeyi müəyyənləşib.
Faktor.az Valyuta.az-a istinadən xəbər verir ki, mobil internet sürəti üzrə Bakı 149 şəhər arasında 78-ci yerdə qərarlaşıb. Paytaxt əvvəlki dövrlə müqayisədə 1 pillə irəliləyib.
Bakıda mobil internetin orta yükləmə sürəti 122,60 Mbps təşkil edib. Bununla da paytaxt mobil internet üzrə reytinqdə 71 şəhəri qabaqlayıb.
Mobil internet sürəti üzrə şəhərlərin qlobal reytinqinə isə 702,28 Mbps orta yükləmə sürəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhəri liderlik edir.
Sabit genişzolaqlı internet üzrə Bakının mövqeyində isə geriləmə qeydə alınıb. Paytaxt 194 şəhər arasında 116-cı yerdə qərarlaşıb və əvvəlki dövrlə müqayisədə 1 pillə geriləyib.
Bakıda sabit genişzolaqlı internetin orta yükləmə sürəti 92,60 Mbps olub.
Beləliklə, Bakı mobil internet üzrə qlobal şəhərlər sıralamasında mövqeyini yaxşılaşdırsa da, sabit genişzolaqlı internet üzrə bir pillə geriləyib.




























































