Neftçalada Dövlət Proqramı üzrə görülən işlər müzakirə olunub - FOTOLAR
2026-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində Neftçala rayonu üzrə görülmüş işlər barədə tədbir keçirilib.
Faktor.az xəbər verir ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Neftçala rayonunda icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olmaq məqsədilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndimə Qərargahının üzvləri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarının rəhbərlərinin rayonun 3 iri fermer təsərrüfatına baş çəkiblər.
Göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edən zəhmətkeş fermer və sahibkarlar, kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, bu sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlətin qayğısını daim hiss etdiklərini qeyd edərək aqrar sahənin inkişafı naminə bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.
Tədbirin davamı olaraq Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, “Əlaqələndimə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.
Giriş nitqi ilə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov, Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni xatırladaraq ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb. Mirhəsən Seyidov dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq Neftçala rayonunda görülən işlər barədə məlumat verib. O bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir və rayon üzrə Dövlət Proqramının icrasına dair konkret hədəflər uğurla reallaşdırılır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış geniş həcmli fəaliyyət planı olduğunu qeyd edib. Məmmədiyə Məmmədov vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Natiqlərin sözlərinə görə bu strateji hədəflər zəngin aqrar ənənələrə, əlverişli təbii-iqlim şəraitinə və böyük istehsal potensialına malik Neftçala rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir.
Daha sonra Dövlət Proqramının rayon üzrə icrası ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İş Planı”na əsasən görülmüş tədbirlər barədə təqdimat hesabatı diqqətə çatdırıldı. Neftçalalı fermer və sahibkarlar Dövlət Proqramının icrasına yaxından qoşulacaqlarını bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.


































































