Absheron Hotel Group gənclərə otelçilik sektorunda yeni karyera imkanları yaradır
PAŞA Real Estate Qrup-a daxil olan Absheron Hotel Group Azərbaycanın müxtəlif regionlarından, xüsusilə aztəminatlı ailələrdən olan gənclərin otelçilik sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, əmək bazarına və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə üç aylıq intensiv təlim və təcrübə proqramı həyata keçirir.
Nəzəri bilikləri real iş təcrübəsi ilə birləşdirən proqram iştirakçılara qonaqpərvərlik sənayesinin müxtəlif istiqamətlərini yaxından öyrənmək, peşəkar və şəxsi bacarıqlarını inkişaf etdirmək və gələcək karyeraları üçün möhkəm baza formalaşdırmaq imkanı yaradır.
Proqram çərçivəsində iştirakçılar Absheron Hotel Group-un 16 hotelində praktiki təcrübə keçərək müxtəlif otelçilik rolları və hotel əməliyyatları ilə yaxından tanış olurlar. Bu müddət ərzində iştirakçılar nəzəri biliklərini praktiki fəaliyyətlə möhkəmləndirir, qonaqlarla ünsiyyət, xidmət standartları, komanda işi, etik davranış və etiket qaydaları, eləcə də digər mühüm peşəkar bacarıqlarını real iş mühitində inkişaf etdirirlər. Eyni zamanda, gənclərin yeni sosial və peşəkar mühitə daha rahat uyğunlaşmasına dəstək məqsədilə proqram çərçivəsində psixoloq dəstəyi də təmin olunur.
Üç ay davam edən proqram iştirakçılara otelçilik sektorunun iş prinsiplərini yaxından öyrənmək, müxtəlif istiqamətlər üzrə təcrübə toplamaq və sənayenin peşəkar mühitini daha dərindən tanımaq imkanı verir.
Bu günədək proqram çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 114 gənc proqramı uğurla başa vurub və məzunların 86%-i işlə təmin olunub. Bu nəticə proqramın gənclərin peşəkar bacarıqlarının inkişafı ilə yanaşı, onların əmək bazarına uğurlu inteqrasiyasına verdiyi töhfəni əks etdirir.


































































