Türkiyənin gəmiçilik sektorunda Azərbaycan vətəndaşları üçün yeni məşğulluq imkanları müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Türkiyə Respublikasının “İnce Shipping Group” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə gəmiçilik sahəsində Azərbaycan vətəndaşlarının Türkiyədə məşğulluğunun təmin edilməsinə dəstək göstərilməsi, uyğun vakansiyaların müəyyənləşdirilməsi, məşğulluq şərtlərinin dəqiqləşdirilməsi, habelə bu məlumatların Azərbaycan tərəfinə sistemli şəkildə təqdim edilməsi məsələləri müzakirə olunub.
Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və məşğulluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə işçi qüvvəsi dövriyyəsinin təmin edilməsi istiqamətində sağlam tərəfdaşlığın qurulması üçün müvafiq icazə və sənədləşmə prosedurlarının təmin edilməsi və vətəndaşların hüquqlarının qorunmasının əhəmiyyəti qeyd edilib.
Görüş zamanı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub, gələcəkdə Türkiyənin gəmiçilik sektorunda Azərbaycan vətəndaşları üçün yeni məşğulluq imkanlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.





























































