Azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Heydər və Bibiheybət məscidlərində olub
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində sentyabrın 7-də Bakı şəhərindəki Heydər məscidi və Bibiheybət məscid-ziyarətgah kompleksində olub.
Səfər proqramı çərçivəsində nümayəndə heyəti Heydər məscidini ziyarət edib. Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə inşa edilən, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi ilə tanışlıq zamanı qonaqlara məscidin memarlıq üslubu, burada yaradılmış ibadət şəraiti və kompleksin fəaliyyəti ilə bağlı məlumat verilib. Heydər məscidinin Azərbaycandakı məzhəblərarası həmrəyliyin, tolerantlığın və İslam vəhdətinin təcəssümü olduğu xüsusi vurğulanıb. Din xadimləri Heydər məscidində birgə vəhdət namazı qılaraq dünyada sülh və əmin-amanlığın davamlı olması naminə dualar ediblər.
Nümayəndə heyəti, həmçinin İslam dünyasının mühüm ziyarətgahlarından biri hesab edilən Bibiheybət məscid-ziyarətgah kompleksində olub. Qonaqlar kompleksin qədim tarixi, dövlət tərəfindən aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat alıblar. Din xadimləri kompleksdə dualar edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Nümayəndə heyətinin üzvləri Azərbaycanda milli-mənəvi dəyərlərin və dini-mədəni irsin qorunması, eləcə də müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət və həmrəyliyin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin yüksək təəssürat yaratdığını ifadə ediblər. Bu səfərin qarşılıqlı təcrübə və fikir mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyət kəsb etdiyini vurğulayıblar.


































































