“ArchiCO”da Kəlbəcərin yeni turizm layihəsi üzrə ilk görüş keçirildi
Kəlbəcərin turizm potensialının inkişafına mühüm töhfə verəcək Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb.
Dövlət Turizm Agentliyi tərəfindən Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması məqsədilə layihənin 1-ci mərhələsi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma proseduru həyata keçirilib. Satınalma prosedurunun qalibi “Archico Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin ümumi məbləği 503 860 manat təşkil edir.
Layihənin konsultantı qismində Fransanın PGI şirkəti də prosesə cəlb olunub.
ArchiCO ofisində layihə üzrə ilk işgüzar görüş keçirilib. Görüşdə “Archico Project” və PGI nümayəndələri iştirak edərək layihənin əsas istiqamətləri, qarşıda duran mərhələlər və iş prosesinin təşkili ilə bağlı ilkin müzakirələr aparıblar.
“Archico Project” MMC-nin layihə üzrə seçilməsi şirkətin mürəkkəb və genişmiqyaslı layihələrin hazırlanması, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi və turizm infrastrukturu sahəsində formalaşdırdığı peşəkar təcrübənin göstəricisidir.
Qazandığımız çoxşaxəli təcrübəni və peşəkar yanaşmamızı Kəlbəcərin gələcək inkişafına töhfə verəcək bu mühüm layihəyə yönəltməkdən məmnunuq. İnanırıq ki, layihənin reallaşdırılması regionun turizm potensialının yeni mərhələyə yüksəlməsinə və Kəlbəcərin turizm xəritəsində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.


































































