Yevlaxda bu il yüksək balla ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib
“Təhsildən tərəqqiyə: Heydər Əliyev və milli kadr siyasəti” adlı tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, məktəb direktorları və yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, Dahi Şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətində davam edən görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Videofilm nümayiş etdirilib.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib. Tələbə adını qazanan məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. İcra Hakimiyyətinin Başçısı qeyd edib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təhsilə verdiyi xüsusi önəm və diqqət ölkəmizdə təhsil siyasətinin davamlı inkişafının əsasını təşkil edir. Bu gün həmin strateji xətt Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun yaradılması, gənclərin hərtərəfli inkişafı və onların yüksək keyfiyyətli təhsil almaq imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu istiqamətdə həyata keçirilən işlərə mühüm töhfə verir. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərin yenilənməsi, müasir təhsil mühitinin yaradılması, uşaqların və gənclərin təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Təhsilə göstərilən bu diqqət gənc nəslin savadlı, vətənpərvər və müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına xidmət edir.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sevda Kərimova, Yevlax rayon üzrə ən yüksək bal toplayan məzunun valideyni Aybəniz Məsimova, Yevlax rayon üzrə 679 bal toplayaraq ən yüksək nəticə göstərən Nizami adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Arif Məsimli və digər tələbə adını qazanan məzunlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunub






































































