"Caspian Capital Holding" və "GNR Infrastructure Construction" arasında memorandum imzalanıb
Caspian Capital Holding (CCH) və Türkiyənin aparıcı mühəndislik və podrat şirkətlərindən biri olan "GNR Infrastructure Construction" arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu "Caspian Capital Holding"in təsisçisi Cənab Elxan Paşayev və "GNR Infrastructure Construction" şirkətinin Baş Direktoru Cənab Sinan İman imzalayıblar.
Memorandum iki şirkət arasında tikinti, mühəndislik, infrastruktur, sənaye və neft-kimya sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsini, yeni layihələrin həyata keçirilməsini və birgə investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində tərəflər öz təcrübə və resurslarını birləşdirərək Azərbaycanda, Türkiyədə və digər regional bazarlarda həyata keçiriləcək perspektivli layihələr üzrə birgə fəaliyyət imkanlarını qiymətləndirəcəklər.
Bu əməkdaşlıq çərçivəsində tərəflərin əsas hədəfi yüksək texnologiya və beynəlxalq standartlara əsaslanan, iqtisadi və sosial baxımdan dayanıqlı layihələrin həyata keçirilməsinə töhfə verməkdir.
Əməkdaşlığın əsas istiqamətlərindən biri Azərbaycanda müasir, dayanıqlı və yüksək keyfiyyətli infrastruktur və tikinti layihələrinin həyata keçirilməsi olacaq. Tərəflər eyni zamanda investisiya imkanlarının araşdırılması, texniki və mühəndislik potensialının birgə istifadəsi və regional layihələrdə iştirak imkanlarını da nəzərdən keçirəcəklər.
"Caspian Capital Holding" və "GNR Infrastructure Construction" arasında əməkdaşlıq memorandumu iki şirkətin uzunmüddətli tərəfdaşlıq strategiyasının başlanğıcı olmaqla yanaşı, Azərbaycan və regionda yeni investisiya və tikinti imkanlarının formalaşdırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.






































































