“PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir
“PAŞA Holding”in dəstəyi, Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi çərçivəsində Göylər kəndində fəaliyyət göstərən sosial müəssisə fəaliyyətini davam etdirir.
Seçilmiş iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub və "PAŞA Holding"in dəstəyi ilə istehsal üçün zəruri avadanlıqlarla təmin ediliblər. Sosial müəssisənin əsas məqsədi tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Layihə, eyni zamanda, tənha anaların və aztəminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmağa və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə imkan yaradır.
2026-cı ildə “Tənha anaların sosial inkişafına dəstək I” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsində işçilərin sayı 10 nəfərdən 24 nəfərə çatdırılıb.
Qeyd edək ki, qadınların səlahiyyətləndirilməsi mövzusu “PAŞA Holding”in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə “PAŞA Holding” və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, buraya AFAQ layihəsi, “Ana sahibkar”, “Women Bazaar” layihələri daxildir.































































