Fiziki şəxslərə çoxvalyutalı hesablaşma imkanları təqdim edilir
“Azər-Türk Bank” ASC (ATB) fiziki şəxslərə hesablaşma-kassa xidməti çərçivəsində müxtəlif bank xidmətlərindən yararlanmaq imkanı təqdim edir.
Bankın məlumatına görə, fiziki şəxslər Azərbaycan manatı, ABŞ dolları, Avro, Rus rublu, Türk Lirəsi, İsveçrə Frankı və Funt Sterlinqdə cari hesablar aça bilərlər. Hesabların açılması və onlar üzrə əməliyyatların aparılması rejimi Azərbaycan Respublikasının qanunvericiliyinə və bankın daxili qaydalarına uyğun həyata keçirilir.
Fiziki şəxslər qeyd olunan valyutalarda cari hesabların açılması ilə yanaşı, ölkə daxilində və xaricə köçürmələr həyata keçirə, hesaba nağd və nağdsız qaydada vəsait köçürə və hesabdan nağd vəsait çıxara bilərlər.
Müştərilər hesab üzrə aparılan əməliyyatlarla bağlı arayış və çıxarışları, həmçinin ödəniş sənədlərinin surətlərini əldə edə bilərlər. Bankda valyuta alışı və satışı üzrə çoxvalyutalı əməliyyatların aparılması və məsləhət xidmətlərindən yararlanmaq da mümkündür.
“Azər-Türk Bank” inkassasiya xidməti də göstərir. Bu xidmət müştəri ilə bağlanmış müqaviləyə uyğun olaraq nağd vəsaitlərin və qiymətlilərin bir ünvandan digərinə, o cümlədən müştərinin ofisindən banka və geriyə daşınmasını nəzərdə tutur.
Bank bildirir ki, onun hesablaşma sistemi filiallararası köçürmələrin saniyələr içərisində və pulsuz həyata keçirilməsinə imkan verir. Ölkədaxili və xaricə nağdsız köçürmələr Azərbaycan manatı və digər valyutalarda həyata keçirilir.
Hesabların açılması və hesablar üzrə aparılan əməliyyatlara görə xidmət haqları “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin tariflərinə uyğun olaraq tutulur.
Cari hesabın açılması üçün müştəridən ərizə, bank hesabının açılması üçün müqavilə, şəxsiyyəti təsdiq edən sənəd və imza nümunəsi vərəqəsi tələb olunur. Ərizə və müqavilə, həmçinin imza nümunəsi vərəqəsi bank tərəfindən təqdim edilir. Şəxsiyyəti təsdiq edən sənəddəki məlumatların imza nümunəsi vərəqəsində göstərilən məlumatlara uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd müştəriyə geri qaytarılır.


































































