“Atəşgah Sığorta” 1 milyon ZƏRƏR ETDİ - investisiya portfeli KİÇİLDİ
“Atəşgah Sığorta” ASC 2026-cı ilin birinci yarısını 994 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövründə 1,528 milyon manat xalis mənfəət əldə etmişdi.
Plat.az bu barədə şirkətə istinadən xəbər verir.
Maraqlıdır ki, şirkətin əsas əməliyyat gəlirləri azalmayıb, əksinə, 15,7% artıb. Bu gəlirlər ötən ilin ilk yarısındakı 30,625 milyon manatdan 35,431 milyon manata yüksəlib.
Lakin bu artım şirkətin yekun gəlirlərində demək olar ki, özünü göstərməyib. Belə ki, “Atəşgah Sığorta”nın ümumi gəlirləri cəmi 0,4% artaraq 35,538 milyon manatdan 35,663 milyon manata çatıb.
Buna təsir edən əsas dəyişikliklərdən biri sığorta ehtiyatları ilə bağlı olub. Şirkətin gəlirlərində nəzərə alınan xalis sığorta ehtiyatlarının dəyişməsi ötən ilin ilk yarısında müsbət 2,732 milyon manat olduğu halda, bu ilin eyni dövründə mənfi 2,092 milyon manat təşkil edib. Beləliklə, bu göstərici üzrə bir ildə 4,823 milyon manatlıq mənfi dəyişiklik yaranıb.
Sadə dillə desək, əsas fəaliyyətdən gəlirlər artsa da, sığorta öhdəlikləri üçün hesablanan ehtiyatlardakı dəyişiklik həmin artımın yekun gəlirə təsirini əhəmiyyətli dərəcədə azaldıb. Hesabatda ehtiyatlardakı bu dəyişikliklərin konkret səbəbi açıqlanmır.
Eyni zamanda şirkətin xərcləri də artıb. Ümumi xərclər ötən ilin ilk yarısındakı 33,627 milyon manatdan 36,657 milyon manata yüksəlib. Bu, 3,03 milyon manat və ya 9% artım deməkdir.
Əsas əməliyyat xərcləri isə 14,3% artaraq 21,682 milyon manatdan 24,792 milyon manata çatıb.
Şirkətin investisiya portfelində də nəzərəçarpacaq dəyişiklik baş verib. 30 iyun 2026-cı il tarixinə “Atəşgah Sığorta”nın investisiya portfeli 46,185 milyon manat təşkil edib. Bir il əvvəl bu göstərici 48,920 milyon manat idi. Beləliklə, portfel bir ildə 2,734 milyon manat və ya 5,6% azalıb.
Portfelin strukturunda isə istiqrazlardan depozitlərə doğru ciddi dəyişiklik görünür. Şirkətin istiqrazlara yatırımları 29,136 milyon manatdan 19,347 milyon manata, yəni 9,789 milyon manat və ya 33,6% azalıb.
Bunun əsas hissəsi dövlət istiqrazlarının payına düşüb. Dövlət istiqrazlarına yatırımlar 26,908 milyon manatdan 19,262 milyon manata düşüb – azalma 7,646 milyon manat və ya 28,4% təşkil edib. Qeyri-dövlət istiqrazlarına yatırımlar isə 2,228 milyon manatdan cəmi 85 min manata enib.
Əvəzində “Atəşgah Sığorta”nın bank depozitləri əhəmiyyətli dərəcədə artıb. Depozitlərin həcmi 18,495 milyon manatdan 26,835 milyon manata yüksəlib. Bu, 8,34 milyon manat və ya 45,1% artım deməkdir.
Beləliklə, şirkət investisiya portfelinin ümumi həcmini azaltsa da, onun strukturunu əhəmiyyətli şəkildə dəyişib: istiqrazlara yatırımlar azaldılıb, depozitlərin həcmi isə artırılıb.
Bununla yanaşı, investisiya gəlirləri azalmayıb. Əksinə, 2025-ci ilin ilk yarısındakı 1,191 milyon manatdan 2026-cı ilin eyni dövründə 1,417 milyon manata yüksəlib – 19% artıb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.































































