İcra Başçısı “Agrotop” MMC-yə məxsus meyvə bağında olub

Hit: 268
İcra Başçısı “Agrotop” MMC-yə məxsus meyvə bağında olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Aran qəsəbəsində yerləşən “Yevlax Pilot Aqropark”ın rezidenti olan “Agrotop” MMC-yə məxsus meyvə bağında olub.
Baxış zamanı təsərrüfatın fəaliyyəti, mövcud istehsal imkanları və həyata keçirilən aqrotexniki tədbirlər barədə məlumat verilib. İcra Hakimiyyətinin Başçısı təsərrüfatın suvarma imkanları, məhsulların logistikasının təşkili, satış məsələləri və istehsalın genişləndirilməsi istiqamətində görülən işlərlə maraqlanıb. Görüş zamanı meyvə ağaclarının becərilməsi, məhsuldarlığın artırılması, eləcə də ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.
Təsərrüfat rəhbəri Qalib Nuriyev “Agrotop” MMC-nin gələcək inkişaf planları haqqında məlumat verərək, istehsal gücünün artırılması, yeni meyvə bağlarının salınması və müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışıb.
 
Qeyd olunub ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, həmçinin bu istiqamətdə həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasəti regionlarda kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafı üçün geniş imkanlar yaradıb.
 
Dövlət tərəfindən tətbiq olunan subsidiyalar, güzəştli kreditlər və digər dəstək mexanizmləri kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların imkanlarının genişləndirilməsinə, istehsal həcminin artırılmasına, yeni layihələrin reallaşdırılmasına və əlavə iş yerlərinin yaradılmasına mühüm töhfə verir.
Görüşdə Yevlaxda aqrar sahənin, xüsusilə intensiv meyvəçiliyin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və yerli istehsalın artırılması istiqamətində qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Təsərrüfat rəhbəri göstərilən diqqət və qayğıya, sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. 






Redaktorun seçimi